Bakı. İlhamə İsabalayeva - Trend:
2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfər İİV-ə (insanın immunçatışmazlığı virusu) yeni yoluxub.
Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr - Ümümdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.
Onun sözlərinə görə, bu il İİV-ə yeni yoluxanların faktı 450-i (97 %) Azərbaycan vətəndaşı, 14 nəfəri (3 %) isə əcnəbidir. Qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. Ümumilikdə, hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub.
İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-də anadan uşağa keçməklə 64 nəfərdə baş verib. 7,3%-də yoluxma yolu müəyyən edilməyib.
N.Zülfüqarov deyib ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 3418 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 458 nəfərə müalicə 2016-cı ilin 11 ayı ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 237 hamilə ART-yə qoşulub.
N.Zülfüqarov bildirib ki, 01.06.2015-ci il tarixindən etibarən Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib.
N.Zülfüqarov əlavə edib ki, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.