...

Azərbaycana gətirilən dərmanların hazırlanması zamanı genetik və irqi amillər nəzərə alınırmı?

Cəmiyyət Materials 10 Fevral 2017 21:35 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda mütəmadi olaraq, xəstələrdən dərmanların içlik vərəqələrində qeyd olunmayan əlavə təsirlər barədə məlumatlar və bununla bağlı statistika toplanılır.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyasının müdiri Polad Hacıbalayev deyib.

Dərmanların effektivliyinə irqi və genetik amillərin təsiri məsələsinə toxunan P.Hacıbalayev hesab edir ki, dərman vasitələrinin istehsalı zamanı genetik faktorların və irqi amillərin nəzərə alınması çətin prosesdir. Buna görə də müxtəlif ölkələrə göndərilən dərmanların tərkibi arasında fərq olmur.

Mərkəz rəsmisi dərman vasitələrinin istehsalı zamanı genetik faktorların və irqi amillərin nəzərə alınmasının hansı səbəbdən çətin olduğunu da açıqlayıb.

Onun sözlərinə görə, istehsalatdan əvvəl dərman vasitələrinin klinik sınaqları təsadüfi yolla seçilən müəyyən bir qrup üzərində keçirilir:

"Mümkün deyil ki, hansısa bir dərman vasitəsinin təsirini yoxlamaq üçün bütün dünya əhalisi üzərində təcrübə aparılsın. Həm də irqi və genetik faktorların təsirinin olub-olmayacağını dərman istehsalı zamanı bilmək çətindir. Çünki insan orqanizmi çox mürəkkəbdir. Yalnız ehtimallar edilə bilər ki, dərmanlar orqanizmə irqdən və genetikadan asılı olaraq, təsir edə və fəsad törədə bilər. Amma bu fikirlər dəqiq ola bilməz".

Qeyd edək ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə müsahibəsində ölkədə satılan dərmanların keyfiyyətinin əvvəlki illərlə müqayisədə aşağı olması və bunun səbəbinin də Azərbaycana gətirilən dərmanların sifarişçi şirkətlərin istəyi ilə əsas təsiredici maddəsinin miqdarının azaldılması ilə bağlı iddialara münasibət bildirmişdi.

O qeyd etmişdi ki, dərmanların müalicəvi təsiri bir çox amillərdən, eləcə də irq və genetik faktorlardan asılıdır:

"Genetik faktorlar çox böyük rol oynayır. Hətta artıq dünyada farmakogenetik faktorların araşdırılmasına başlanılıb. Yəni genetik faktorlardan asılı olaraq, dərmanların effektivliyi fərdi xarakter daşıyır. Bəzi millətlər və irqlər üçün effektli olan dərmanlar başqaları üçün təsirsiz ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti