...

Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi hüquqi islahatların yeni mərhələsidir

Cəmiyyət Materials 3 Mart 2017 11:03 (UTC +04:00)
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi hüquqi islahatların yeni mərhələsidir.
Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi hüquqi islahatların yeni mərhələsidir

Bakı. Trend:

Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixdə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə imzaladığı sərəncamın icrası çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova tərəfindən 2 mart 2017-ci il tarixdə ictimai müzakirələr keçirilib.

Obdusman Aparatından Trend-ə verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatları, məhkəmələrin hakimləri, aidiyyəti dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə orqanlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin və KİV-in nümayəndələri iştirak etmişlər.

Ombudsman martın 2-nin əlamətdar bir gün olduğunu, 25 il əvvəl həmin tarixdə Azərbaycanın BMT-yə üzv seçildiyini, bu nüfuzlu qurumla respublikamızın səmərəli əməkdaşlıq əlaqələri barədə məlumat vermişdir. O, İnsan hüquqları üzrə Ümumi Bəyannamənin dünyaya bərabərlik, sülh və inkişaf naminə ayrı-seçkiliyin yolverilməzliyi prinsipini bəyan etdiyini söyləmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra hüquqi, sosial və iqtisadi sahədə islahatların həyata keçirilməsi, insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin qəbul olunması insan hüquqlarının müdafiəsində yeni, səmərəli təcrübə formalaşdırmışdır. Zaman keçdikcə hər yeni inkişaf mərhələsi insan hüquqlarının təmin olunması sahəsində yeni məqsədlər və prioritetlər doğurur ki, bu da yeni islahatların zəruriliyini gündəmə gətirir.

Bu baxımdan 10 fevral 2017-ci il tarixdə ölkə Prezidenti tərəfindən imzalanmış adı çəkilən sərəncam da insan hüquqlarının effektiv təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu, mahiyyətcə hərtərəfli olmaqla, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir. Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətliliyini daha da artırır. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum Sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlətin siyasətinin tərkib elementinə çevrilir.

Ombudsman cəza icra sahəsində humanizm prinsipinin daim dövlət başçısının fəaliyyətində açıq-aşkar özünü biruzə verdiyini, mütəmadi olaraq əfv sərəncamlarının verildiyini, amnistiya aktlarının qəbul olunduğunu, qanunvericiliyə edilən dəyişikliklərlə bağlı təşəbbüslərin bu yanaşmanın əsas göstəricilərindən olduğunu qeyd etmişdir.

Bildirilmişdir ki, Müvəkkilin Milli Preventiv Mexanizm mandatı çərçivəsində də sərəncamın tələblərindən irəli gələn vəzifələrin icrasına məsul dövlət orqanları ilə müvafiq istiqamətlər üzrə əməkdaşlıq edilməklə, geniş fəaliyyətin həyata keçirilməsi təmin olunacaqdır. Burada qarşıda duran vəzifə Sərəncamın icrası çərçivəsində dövlət qurumları tərəfindən düzgün koordinasiya və yanaşmalar əsasında əməkdaşlığın qurulması olması ilə yanaşı, həyata keçirilən tədbirlərin icrasında ictimai nəzarətin də təşkili olduqca vacib amillərdən olduğundan, uğurlu islahatlar naminə bütün imkanlar bu işə sərf ediləcəkdir.

UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardini çoxsaylı müxtəlif təşkilatların nümayəndələrinin toplandığı, olduqca aktual mövzuya həsr olunmuş bu ictimai müzakirənin təşkilinə və dəvətə görə Ombudsmana minnətdarlığını bildirmiş, mövzu üzrə fikirlərini, xüsusilə uşaq hüquqları baxımından dünya təcrübəsi barədə ətraflı məlumat vermişdir. O, Sərəncama əsasən, qanunla ziddiyətdə olan uşaqlara münasibətdə alternativ cəzaların, Probasiya xidmətinin yaradılmasının və digər mühüm müddəaların nəzərdə tutulduğunu yüksək dəyərləndirmiş, uşaq hüquqları sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulamışdır.

Milli Məclisin deputatı Vüsal Hüseynov adı çəkilən sərəncamın hüquq islahatlarının bir hissəsi olsa da, eyni zamanda yeni səhifə açdığını, qanunvericiliyin təkmilləşdirilməsi və institusional quruculuq sahəsində yeni vəzifələrin nəzərdə tutulduğunu bildirmişdir. O, müvafiq müddəaları və tövsiyələri təhlil edərək, bunun dövlətin humanist siyasətinin daha bir göstəricisi olduğunu, habelə kadr potensialının daha gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır.

Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun rəhbəri Rəşid Rumzadə Müvəkkilin Milli Preventiv Mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə keçirilən başçəkmələr, saxlanılma şəraiti və rəftar məsələləri ilə bağlı verilmiş tövsiyələr haqqında məlumat vermişdir. O, Sərəncamdan irəli gələn məsələlər, probasiya xidməti, məhkumların əmək fəaliyyəti və islah olunması, həbs qətimkan tədbirlərinin tədbirlərinin tətbiqi problemləri, kriminal davranışların yaranma səbəblərinin öyrəlinməsi və qarşıasının alınması məsələlərinə toxunmuşdur.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Rafiq Alışov Müvəkkilin təşkil etdiyi bu mühüm tədbiri dəstəklədiyini, inkişafa yönəlmiş Sərəncamın çox geniş sahəni əhatə etdiyini, probasiya xidmətinin Ədliyyə Nazirliyinin hüquqi bazasından daha çox sosial bazası olduğunu bildirmiş, habelə dövlət və QHT-lərin, vətəndaş cəmiyyətinin əməkdaşlığını önə çəkmişdir.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı mövzu ilə bağlı fikirlərini bildirmiş, Sərəncamın ölkə başçısının həyata keçirdiyi humanist siyasətin davamı olaraq cinayət təqibi və cəza təyini prosesində azadlıq hüququnun daha səmərəli müdafiəsi, cəzanın qarşısına qoyulmuş məqsədlərə çatmaqla cəzanın effektivliyinə nail olunması istiqamətində mühüm vəzifələr nəzərdə tutduğunu vurğulamışdır.

Ali Məhkəmənin hakimi Fərman Kərimov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərov, Baş Prokurorluğun nümayəndəsi Mahir Tağıyev, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin idarə rəisi Musa Hümbətov Sərəncamın icrasından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində təmsil etdikləri qurumların fəaliyyəti barədə ətraflı məlumat vermiş, fikirlərini bölüşmüşlər.

Tədbirdə iştirak edən Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi İmrəli Məmmədov, QHT-nin təmsilçisi Səadət Bənənyarlı və digərləri qarşıda duran vəzifələr, həllini gözləyən məsələlər və əməkdaşlıq istiqamətində fikir və mülahizələrini bildirmişlər.

Ombudsman adı çəkilən ictimai müzakirəsinin qarşılıqlı əməkdaşlığın bir nümunəsi olduğunu söyləyərək, cəmiyyətin bütün qruplarını bu Sərəncamın icrasına cəlb etməyin, barışıq, münaqişələrin həlli olan mediasiya institutunun yaradılmasının, hüquqi maarifləndirmənin vacibliyini bildirmişdir.

İctimai müzakirədə səmərəli fikir mübadiləsi, əməkdaşlığın gələcək perspektivləri üzrə müzakirələr aparılmışdır. İştirakçılar bu sərəncamın imzalanmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmiş, bu sənədin dövlət idarəçilik sisteminin müasirləşdirilməsinə və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərə, cəza siyasətinin humanistləşdirilməsinə mühüm tövhə verəcəyini vurğulamışlar.

Dövlət qurumları və məhkəmə orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti üzləri sərəncamın icrası üzrə öz təkliflərini vermişlər. Bu təklif və tövsiyələr müvafiq qaydada təhlil olunub tövsiyə kimi aidiyyəti təşkilatlara göndəriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti