...

Xaçmazda mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 9 İyun 2017 13:50 (UTC +04:00)

Bakı. Trend:

Xaçmaz rayonunda antisanitar şəraitdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan heyvan ətləri aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 9-da Dövlət Xidmətinin Xaçmaz rayon Baytarlıq İdarəsinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədilə Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsi, 29B, mənzil 16-da yaşayan Məmmədyarov Eynulla Balaşərif oğluna məxsus “PEKAP” markalı "10-PE-327" dövlət nömrə nişanlı avtomobilə Xaçmaz rayonu ərazisində baxış keçirilib.

Baxış zamanı avtomobilin yük yerində qeyri-qanuni, antisanitar şəraitdə, üst-üstə yığılmış vəziyyətdə daşınan, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, şaqqalara bölünmüş 500 kq çəkisində olan heyvan əti, 2 ədəd kəsilmiş malın baş-ayağı və daxili orqanları aşkar olunub.

İlkin araşdırma zamanı E.Məmmədyarov heyvan ətlərini Bakı şəhərindən Xaçmazda olan “Qafqaz” konserv zavoduna təhvil vermək məqsədilə gətirdiyini bildirib.

Avtomobildə aşkar edilmiş ətindən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

E.Məmmədyarova məxsus “PEKAP” markalı "10-PE-327" dövlət nömrə nişanlı avtomobildə aşkarlanan 500 kq çəkisində olan şaqqalara ayrılmış heyvan ətlərinin müayinələri başa çatana kimi saxlama kamerasına yerləşdirilib.

Ətdən götürülən nümunələrin laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti