Bakı. Trend:
Bu gün Bakı Dövlət Universitetində (BDU) Məzun günü keçirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə əvvəlcə beynəlxalq tələbə himni - “Qaudames” səsləndirilib və məzunlar “Universitetim” şeirini oxuyublar.
Sonra çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin də məzunu olduğu bu ali təhsil ocağını bitirmək böyük xoşbəxtlik və səadətdir. Cari ildə universitetdə dörd minədək tələbənin məzun olduğunu bildirən rektor, onlardan təxminən 400 nəfərinin fərqlənmə diplomuna layiq görüldüyünü qeyd edib. Xüsusi olaraq vurğulayıb ki, hər il olduğu kimi bu il də magistratura imtahanlarında məzunlarımız respublikada ən yüksək göstəricilərə nail olublar. Sonra universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edilib, rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda, tələbə andı oxunub.
Məzunlar doğma universitetin adını daim uca tutacaqlarını söyləyib, keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda rektor və tələbələr üzərinə “Məzun-2017” yazılmış şarı havaya buraxıblar. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.