...

Səkkiz aylıq təməl... (FOTO)

Cəmiyyət Materials 27 İyul 2017 16:49 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılır
Səkkiz aylıq təməl... (FOTO)

Bakı. Trend:

Trend Bakıda məktəbəhazırlıq qruplarının fəaliyyətinə həsr olunan məqaləni təqdim edir:

Yaxın günlərdə paytaxt üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017-2018-ci dərs ili üçün uşaqların elektron sənəd qəbuluna başlanacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür və məktəbəhazırlıq qruplarına ötən dərs ilinə nisbətən daha çox uşaq cəlb etmək planlaşdırılır.

Gələcəyə doğru uğurlu addım

Aparılan araşdırmalar insanın ömür boyu öyrəndiklərinin böyük hissəsini 6 yaşına qədər mənimsədiyini göstərir. Bu dövrdə uşağın idraki və fiziki inkişafının təməli qoyulur. Öyrəndikləri onun gələcək inkişafını təmin edir, həyat fəlsəfəsini, ətraf aləmə, cəmiyyətə baxışlarını müəyyənləşdirir.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Bu işdə qarşıda duran vəzifə uşaqlarda oxumaq həvəsinin, məktəbə müsbət emosional münasibətin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır. Prosesin təşkili üçün qoyulan tələblər uşağın məktəb təliminə hazırlığı zamanı onun fiziki, şəxsiyyətyönümlü, intellektual və sosial hazırlığını nəzərdə tutmasıdır. Məktəbəhazırlığın geniş miqyasda tətbiq edilməsinin səbəbi uşağın fərdi və akademik nailiyyətlərinin artması baxımından mühüm rolundan qaynaqlanır.

Məktəbəqədər təhsil tariximiz

Azərbaycanda məktəbəqədər təhsilin tarixi 1907-ci ildə Bakının Bayıl qəsəbəsində uşaq tərbiyə müəssisəsinin təşkili ilə başlayıb. Sonrakı dövrlərdə müxtəlif şəhər və rayonlarda yeni məktəbəqədər təhsil müəssisələri açılıb. Amma müstəqillik illərinə qədər ümumi təhsil məktəbləri ilə müqayisədə məktəbəqədər təhsilin inkişafına, onun təkmil infrastrukturunun yaradılmasına kifayət qədər diqqət yetirilməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra isə məktəbəqədər müəssisələrin inkişafına xüsusi qayğı göstərilib.

Son illər ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının yaradılması istiqamətində əsaslı addımlar atılıb. 2013-cü ildə qəbul olunan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda məktəbəhazırlıq təhsili ilə bağlı məsələlər də öz əksini tapıb. Bu təhsilin 1 il icbariliyinin təmin olunması qarşıya məqsəd qoyulub.

2015-ci ildə ölkə üzrə 38 min uşaq cüzi aylıq ödəniş qarşılığında məktəbəhazırlığa cəlb olunub. Bu göstərici 5 yaşında olan 158 min uşağın 24 faizini təşkil edir. Layihənin uğurlu olması, ictimaiyyətin marağı və məktəbəqədər təhsilə diqqətin nəticəsi kimi, 2016-2017-ci dərs ilindən məktəbəhazırlıq qruplarının fəaliyyəti üçün lazım olan vəsait dövlət büdcəsi hesabına ödənilib. Paytaxt da daxil olmaqla, respublika üzrə məktəbəhazırlığa cəlb edilən uşaqların sayı 86 min 970 nəfərə və ya bütün beşyaşlıların 55 faizi həddinə çatdırılıb. Təkcə Bakı şəhərində ötən dərs ilində 261 məktəbdə fəaliyyət göstərən 839 məktəbəhazırlıq qrupunda 23 130 uşaq təhsil alıb.

Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və mayın 31-də başa çatır. Qruplarda həftədə 4 dəfə, gündə 3 saat olmaqla “Ətraf aləmlə tanışlıq”, ”Savad təliminə hazırlıq və nitq inkişafı”, ”Bədii təfəkkürün inkişafı”, ”Məntiqi və riyazi təfəkkürün inkişafı”, ”Təsviri fəaliyyət”, ”Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris edilir. Məşğələlər ixtisaslı, bacarıqlı, intellektual və iş təcrübəsinə malik müəllimlər tərəfindən aparılır.

Məktəbəhazırlıq nailiyyətlərin başlanğıcıdır

Təcrübə göstərir ki, məktəbəhazırlıq proqramı uşaqların ümumi təhsil müəssisələrindəki göstəricilərinə və gələcək nailiyyətlərinə müsbət təsir edir. Məsələn, məktəbəhazırlıq təhsilinin əhəmiyyətini, onun şagirdlərin məktəbdəki göstəricilərinə təsirini öyrənmək məqsədi ilə Təhsil İnstitutu tərəfindən tədqiqat aparılıb. Bakı şəhəri üzrə 89 pilot ümumi təhsil müəssisəsi arasından təsadüfi seçilən 20 məktəbdə 1097 birinci sinif şagirdi tədqiqata cəlb olunub. Məktəblilərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri qiymətləndirilib. Bunun üçün Təhsil Nazirliyinin təşkil etdiyi pilot məktəbəhazırlıq qruplarında və digər müəssisələrdə məşğələlər keçən, eləcə də müvafiq məşğələlərdə iştirak etməyən şagirdlər seçilib. Yekunda məktəbəhazırlıq qruplarında məşğələyə cəlb edilmiş şagirdlərin nəticələri digərlərinin göstəricilərindən yüksək olub.

Məktəbəhazırlıq təhsilinin müsbət nəticələrini Azərbaycanın da qoşulduğu beynəlxalq qiymətləndirmə proqramı olan PIRLS-in “Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat”ında da görə bilərik. Araşdırmaya əsasən, PIRLS-də iştirak edən ölkələrdə məktəbəhazırlıq qruplarında məşğələlər keçən 4-cü sinif şagirdlərinin oxu üzrə orta göstəricisi digər məktəblilərin nəticələrindən 18 bal yüksəkdir.

Türkiyə, Avstraliya, Sinqapur, Kolumbiya, Yaponiya da daxil olmaqla, 13 ölkəni əhatə edən “Başqa millətlərdə erkən uşaqlıq proqramları: Hədəflər və Nəticələr” adlı tədqiqat da aparılıb. Təhlil zamanı məktəbəqədər hazırlığın uşaqların təfəkkürünün inkişafını və məktəbdəki uğurlarını stimullaşdırdığı məlum olub.

Nyu Cersi Universitetinin Erkən Təhsil Tədqiqatı Milli İnstitutu tərəfindən aparılan araşdırma da göstərib ki, məktəbəhazırlıq təhsilinin uşaqların gələcək sosial və akademik həyatına müsbət təsiri var. Yaxşı təşkil olunan belə təhsil gələcəkdə uşaqların sosial davranış, imtahanda yüksək qiymətlər, daha az repetitor yanına getmə, xüsusi təhsilə meyil və yüksək təhsil dərəcəsi əldə etmək kimi davamlı inkişafına səbəb olur.

Hədəfə az qalır

Nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə hazırda məktəbəqədər təhsilin əhatəlilik faizi kifayət qədər yüksəkdir. Araşdırmalara əsasən, məktəbəhazırlığa gedən uşaqların sayı Amerika Birləşmiş Ştatları və Fransada 100, Almaniya və Belçikada 98 faiz təşkil edir.

Ölkəmizdə hazırda bu istiqamətdəki hədəf uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin növbəti dərs ilindən 65, 2018-2019-cu tədris ilindən 75, 2019-2020-ci dərs ilindən 90 faizə çatdırılmasıdır. Bu məqsədlə bir sıra işlər görülür. Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası barədə əmrlərinə əsasən, məktəbəhazırlıq qrupları yaradılacaq ümumi təhsil müəssisələrində lazımi təlim şəraitinin təmin olunması istiqamətində kompleks tədbirlər davam etdirilir. Məktəbəhazırlıq qruplarının fəaliyyəti bir sıra qanunvericilik aktları ilə yanaşı, həm də “Məktəbəqədər təhsil haqqında” qanunla tənzimlənir.

Məktəbəhazırlıq sosial inkişaf faktoru kimi

Mütəxəssislər hesab edirlər ki, məktəbəqədər təhsilə, o cümlədən də məktəbəhazırlıq qruplarının təşkilinə diqqətin artırılması ümumilikdə, ölkənin inkişafını sürətləndirən amillərdəndir. Çünki, mükəmməl məktəbəqədər təhsil, həm də özünün sosial, iqtisadi ehtiyaclarını ödəyə bilən insan resurslarının formalaşmasında böyük əhəmiyyətə malikdir.

Mütəxəssislərin qənaətinə görə, belə vətəndaşları olan dövlətdə yoxsulluğun səviyyəsi daha sürətlə aşağı düşür, cinayətkarlıq halları ciddi şəkildə azalır. Bu da insanların maddi rifahını və təhlükəsizliyini təmin edir. Bütün bunlar isə nəticə etibarilə dövlətin və dövlətçiliyin möhkəmlənməsinə xidmət edir.

Planlı iş və düzgün istiqamət

Yeri gəlmişkən, 2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Ölkə üzrə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada aparılacaq. Bu proses sentyabrın 18-dək elektron sistemdə ərizələrin onlayn qeydiyyatı aparılmaqla həyata keçiriləcək. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək.

Məktəbəhazırlıq qruplarında dərs keçmək üçün əsasən, təcrübəli, daha intellektual və peşəkar ibtidai sinif müəllimləri seçilib. Onlar üçün təlim kursları təşkil olunur. Təlim-məşğələlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılır.

Qeyd etdiyimiz kimi, 2017-2018-ci tədris ilindən məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqların ümumi sayı daha 10 faiz artırılaraq, 65 faizə çatdırılacaq. Paytaxtın mərkəzi ərazilərində uşaqların məktəbəhazırlığa cəlb olunma səviyyəsinin daha yüksək olduğunu nəzərə alaraq, BŞTİ müvafiq artımın Bakı şəhərinin ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələri hesabına həyata keçirilməsini nəzərdə tutur. Çünki aparılan araşdırmalar Bakının mərkəzi hissələrində yerləşən məktəblərə nisbətən ətraf qəsəbələrin ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarındakı uşaqların sayının az olduğunu göstərir. Həmin məktəblərdəki məktəbəhazırlıq qruplarında uşaqların sayını artırmaqla onların I sinfə daha hazırlıqlı getməsi təmin olunacaq. Bununla da, müvafiq məktəblərin tədris göstəricilərinin yüksəldilməsinə zəmin yaranacaq.

Həyata keçirilən tədbirlərin nəticələrinə əsaslanaraq deyə bilərik ki, dövlət hesabına məktəbəhazırlıq qruplarının fəaliyyətinin 2-ci ilində bütün beşyaşlıların 65 faizinin bu məşğələlərə cəlb olunması ümumilikdə, prosesin uğurundan xəbər verir. Məktəbəhazırlığın təhsilin təməli olduğunu nəzərə alsaq, bu istiqamətdə əldə edilən nailiyyətləri hər bir təhsilalanın gələcəyinin təminatı kimi qiymətləndirmək olar.

Qabil Babayev

Xəbər lenti

Xəbər lenti