...

Hesabat: Azərbaycanda turizm sənayesinin maliyyələşdirilməsində çatışmazlıqlar mövcuddur

Cəmiyyət Materials 11 Sentyabr 2017 15:08 (UTC +04:00)
2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 14 faizinin icrası tamamlanıb, 56 faizinin icrası üzrə işlərə başlanılıb.
Hesabat: Azərbaycanda turizm sənayesinin maliyyələşdirilməsində çatışmazlıqlar mövcuddur

Bakı. Elçin Mehdiyev - Trend:

2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 14 faizinin icrası tamamlanıb, 56 faizinin icrası üzrə işlərə başlanılıb.

Trend-in məlumatına görə, bu barədə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin ilk altı ayında ölkəyə gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 24 faiz artım, həmin şəxslərin ölkədə bank kartları üzrə əməliyyatlarında isə 93 faiz artım qeydə alınıb.

Turizm sektorunda qurumlar arasında koordinasiyanın təmin edilməsi məqsədi ilə Azərbaycan Turizm Şurası, turizm sahəsində təbliğat-təşviqat tədbirlərinin daha mərkəzləşdirilmiş qaydada təşkili məqsədilə isə Milli Turizm Təbliğat Bürosu yaradılıb. Ölkəyə gələn turistlərin dövlət sərhədinin buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və viza sisteminin asanlaşdırılması üçün müvafiq normativ hüquqi aktlar qəbul edilməklə, sürətləndirilmiş elektron vizanın verilməsi müddəti 3 gündən 3 saatadək endirilib. Regionlarda turizm sektorunun inkişafı məqsədilə turizm və rekreasiya zonalarında bütün turizm xidməti obyektlərinin tikintisinə, eləcə də digər regionlarda 2-3 ulduzlu və “hostel” tipli yerləşdirmə vasitələrinin tikintisinə investisiya təşviqi sənədinin verilməsi yolu ilə həmin ərazilərə investorların cəlb edilməsi nəzərdə tutulub. Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsindən turizm məqsədləri üçün daha səmərəli istifadəsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı” qəbul edilib. Bundan əlavə, ölkəmizə turist səfərlərinin sayının artmasına təkan verəcək birinci Bakı Ticarət Festivalı keçirilib.

Hesabatda bildirilir ki, əsas problemlərdən biri Milli Turizm Təbliğat Bürosunun fəaliyyətinin təşkili nəzərdə tutulduğu qaydada tam təmin edilməməsidir. Eyni zamanda, turizm sənayesinin maliyyələşdirilməsində çatışmazlıqlar mövcuddur.

Səndəddə tövsiyə olunur ki, beynəlxalq təcrübə nəzərə alınmaqla, Büronun yenidən təşkili həyata keçirilə və İdarə Heyəti təsis edilə bilər. Qeyd olunur ki, turizm sektoruna yerli özəl və xarici investisiya qoyuluşlarının artırılması istiqamətində işlər gücləndirilməlidir. Bu sahədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər və əldə edilən nəticələr barədə rüblük əsasda hesabat hazırlana və aidiyyəti üzrə təqdim edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti