Bakı. Trend:
Binəqədinin ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.
Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, məktəbliləri təbrik etmək üçün 276 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi RİH-in başçısı Xaləddin İsgəndərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 276 saylı məktəbin direktoru Bəhram Şiriyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Öncə 276 saylı məktəbin direktoru Bəhram Şiriyev şagirdləri, müəllimləri və qonaqları salamlayıb.
Daha sonra çıxış edən H.Əsgərov təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı İlham Əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğulayıb.
Tədbirdə X.İsgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzulayıb. O, ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırıb, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 105 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğulayıb. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirib.
Sonra tədbir bədii hissə ilə davam etmiş, məktəbin şagird və məzunları “Gəl ey səhər”, “Azərbaycan”, “Yaşayır Ulu Öndər” mahnılarını ifa ediblər. Müxtəlif dillərdə şeirlər səsləndirən balacalar Cocuq Mərcanlı haqqında kompozisiya göstəriblər. Bir-birindən maraqlı rəqs nümunələri tədbirə əlvanlıq qatıb.
Tədbirin sonunda “İlk Zəng” çalınıb və dərs başlanıb.