Bakı. Trend:
“Atəşgah Həyat” Sığorta Şirkəti (SŞ) istehsalatda bədbəxt hadisələrdən icbari sığorta üzrə iri sığorta ödənişləri həyata keçirib.
Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə növbəti iri sığorta ödənişləri həyata keçirib.
"Atəşgah Həyat” SŞ-də sığortalanmış neft-qaz sənayesi sahəsində fəaliyyət göstərən müəssisənin işçisi ayağına dəmir parçası düşməsi nəticəsində əmək qabiliyyətini müddətsiz itirməklə əlillik dərəcəsi alıb. Bu hadisə üzrə 82 140 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.
Bundan əlavə, eyni sahənin digər müəssisəsinin işçisi platformada təmir işləri zamanı xəsarət alaraq vəfat etmişdir. Bu hadisə üzrə faydalanan şəxslərə (həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları) ümumilikdə 75 647 AZN məbləğində sığorta ödənişi verilib.
Digər sığorta ödənişi ticarət müəssisəsinin işçisinin yol-nəqliyyat hadisəsi nəticəsində vəfatına görə həyata keçirilib. Şirkət tərəfindən faydalanan şəxslərə (ailə üzvləri) ümumilikdə 35 145 AZN sığorta ödənişi edilib.
Başqa hadisə sənaye müəssisəsi işçisinin cərəyan vurması nəticəsində vəfatı ilə əlaqədardır. Şirkət tərəfindən faydalanan şəxsə (təqaüdçü valideyni) 18 202 AZN məbləğində sığorta ödənişi həyata keçirilib.
“Atəşgah Həyat” SŞ istehsalatda bədbəxt hadisələrdən icbari sığorta ilə yanaşı, həyatın müddətli sığortası, yığım sığortası, kredit həyat sığortası, həyatın sağalmaz xəstəliklərdən sığortası və digər xidmətləri təklif edir.