...

Aİ Azərbaycanın icbari tibbi sığorta ilə bağlı həyata keçirdiyi islahatlara dəstək verəcək (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2017 16:57 (UTC +04:00)
Avropa İttifaqının “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” tvinninq layihəsinin açılış mərasimi keçirilib
Aİ Azərbaycanın icbari tibbi sığorta ilə bağlı həyata keçirdiyi islahatlara dəstək verəcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Avropa Qonşuluq Siyasəti çərçivəsində icbari tibbi sığorta sahəsi üzrə ölkə qanunvericiliyinin təkmilləşdirilməsi və Avropa İttifaqının (Aİ) bu sahədə mövcud təcrübəsinə uyğunlaşdırılması məqsədilə "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin açılış mərasimi keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, layihə Aİ-nin dəstəyi ilə 2 il ərzində Azərbaycan, Fransa və Litva arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Açılış mərasimində Milli Məclisin səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli və yuxarıda adları qeyd edilən komitələrin üzvləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez və Litva səfirliyinin missiya rəhbərinin müavini Daliya Iqnataviçiute, Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva iştirak ediblər. Tədbir iştirakçıları arasında o cümlədən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Aİ üzv dövlətlərinin və benefisiar dövlətin tərəfdaş qurumlarının layihə rəhbərləri, icbari tibbi sığortanın tətbiq olunduğu pilot ərazilərin icra başçılarının müavinləri, aidiyyəti dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların və xəbər agentliklərinin nümayəndələri olublar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Agentliyinin direktoru Zaur Əliyevin sözlərinə görə, bu layihə Azərbaycanda səhiyyə sisteminin maliyyələşdirilməsi prosesini təkmilləşdirəcək: “Layihənin məqsədi icbari tibbi sığorta haqlarının yığılması, səhiyyə xidmətlərinin satın alınması ilə səhiyyə xərclərinin planlaşdırılması, icrası və monitorinqinin aparılmasında institusional potensialının gücləndirilməsidir.

Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev çıxışında bildirib ki, pilot layihənin tətbiqi uğurla davam edir və icbari tibbi sığorta ilə bağlı qanunvericilikdə yaxın zamanlarda əlavə və dəyişikliklərin edilməsi gözlənilir.

Azərbaycanla Aİ arasında əməkdaşlığın inkişafından danışan Nümayəndəliyin rəhbəri səfir Kestutis Yankauskas qeyd edib ki, bu gün ictimaiyyətə təqdim olunan tvinninq layihəsi Azərbaycanın icbari tibbi sığorta ilə bağlı həyata keçirdiyi islahatlara dəstək verəcək.

Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər üzrə şöbə müdiri Musa Ələkbərov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşdirilməsi sisteminin iqtisadi səmərəlilik baxımından daha optimal yollarının axtarılıb tapılmasına yardımçı olacaq.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva qeyd edib ki, icbari tibbi sığortanın həyata keçirilməsi əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına, tibb işçilərinin maddi rifahının yaxşılaşdırılmasına yardım edəcək. Onun sözlərinə görə, pilot layihənin nəticələrinin təhlili əsasında səhiyyə sistemində yeni maliyyələşmə mexanizminin tətbiq olunması ölkədə səhiyyənin inkişafına zəmin yaradacaq.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Samiq Sadıxov icbari tibbi sığortanın icrası sahəsində görülən işlər barədə məlumat verib.

Fransanın Azərbaycandakı səfiri xanım Orelia Buşez və Litva səfirliyinin missiya rəhbərinin müavini xanım Daliya Iqnataviçiute öz ölkələri ilə Azərbaycan arasında səhiyyə sahəsində əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və qeyd ediblər ki, bu əməkdaşlığın genişləndirilməsi üçün müvafiq səylər göstəriləcək.

Açılış nitqlərindən sonra, üzv dövlətlər və benefisiar dövlət tərəfdən olan layihə rəhbərləri Mişel Villak və Aysel İbayeva layihənin məqsədi, fəaliyyətləri və gözləntiləri barədə çıxış ediblər. Onlar layihənin sonunda üç əsas nəticəyə nail olunacağını vurğulayıblar: icbari tibbi sığortanın tətbiqi üçün hüquqi və institusional çərçivənin inkişaf etdirilməsi, maliyyə idarəetmə çərçivəsinin inkişaf etdirilməsi və informasiya texnologiyaları çərçivəsinin inkişaf etdirilməsi.

Panel sessiyasında üzv dövlətlərdən və benefisiar dövlətdən olan çıxışçılar layihənin icrası prosesi, gözlənilən çətinliklər, Azərbaycanın səhiyyə sahəsində mövcud siyasəti və aparılan islahatlar və icbari tibbi sığortanın pilot layihəsi barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, cari ilin 20 avqustunda icrasına başlanılan layihə 2019-cu ilin avqustunadək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti