...

Ağstafada Bilik Evi açılıb (FOTO)

Cəmiyyət Materials 18 Dekabr 2017 15:13 (UTC +04:00)
Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb.
Ağstafada Bilik Evi açılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun növbəti Bilik Evi Ağstafa rayonunda açılıb.

Fonddan Trend-ə verilən məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək Regional Bilik Evinin açılış mərasimindən öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşüb.

Fondun icraçı direktoru, icra başçısı, qonaqlar və iştirakçılar tərəfindən Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb.

Tədbirdən öncə Fondun lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin dosenti Sevinc Əliyeva yerli gənclərdən ibarət auditoriya qarşısında "Bilik Azərbaycanda insan kapitalının inkişafında əsas amil kimi" mövzusunda mühazirə ilə çıxış edib.

Yerli rəsmi qurumların təmsilçiləri, təhsil müəssisələrinin müəllim, tələbə və şagird kollektivləri, ağsaqqallar, gənclər və jurnalistlərin iştirakı ilə Heydər Əliyev Mərkəzində keçirilən açılış mərasimini giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. İcra başçısı bildirib ki, ölkədə aparılan daxili və xarici siyasətin mahiyyətinin yerlərdə əhaliyə dəqiq və dolğun çatdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə ehtiyac var. Gənclərin savadlanması və müxtəlif müasir peşələrə yiyələnməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.

Tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun əhalinin, xüsusilə də gənclərin elmi biliklərinin artırılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətindəki fəaliyyəti barədə geniş məruzə ilə çıxış edərək, Fondun "İslam Həmrəyliyi İli"ndə həyata keçirdiyi maarifləndirici layihələrdən danışıb, ölkənin müxtəlif bölgələrində Bilik evlərinin açılmasını maarifləndirmə istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirib.

Bilik Evinin Ağstafada fəaliyyətə başlamasına şərait yaratdığına görə, rayon rəhbərliyinə minnətdarlığını bildirən icraçı direktor Nardaran, İsmayıllı, Qax, Oğuz, Astara, Şəmkir, Ağdaş, Qarabağ Regional Bilik evlərinin fəaliyyətini xatırladaraq, bu maarifləndirmə ocaqlarının iş prinsipləri, hədəfləri, potensialları barədə məlumat verib. Oktay Səmədov milli-mənəvi dəyərlərin qorunması və təbliği işində gəncləri fəal olmağa çağırıb, Vətənə sevgi, dövlətə sədaqət, vətəndaşlara qayğı göstərməyin məhz milli-mənəvi dəyərlərə sadiqlikdən keçdiyini deyib.

Açılış mərasimində İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri, Bilik Fondunun yerli nümayəndəsi Leyla İsayeva da çıxışında Ağstafa Regional Bilik Evinin fəaliyyət planı haqqında məlumat verərək bildirib ki, layihələrin əsas mahiyyətini əhali arasında geniş maarifləndirmə işinin aparılması təşkil edəcək.

Tədbirdə Bilik Fondu ilə Ağstafa Heydər Əliyev Mərkəzi arasında əməkdaşlıq barədə Niyyət Sazişi imzalanıb.

Açılış mərasimindən sonra Fondun icraçı direktoru Bilik Evinin mütəxəssisləri, təlim kurslarının dinləyici və təlimçiləri ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti