Bakı. İlhamə İsabalayeva - Trend:
Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsinin yaradılması nəzərdə tutulub.
Bu barədə Trend-ə agentlikdən məlumat verilib.
Agentlikdən bildirilib ki, institut qida təhlükəsizliyi sahəsində elmi-praktiki araşdırmaların aparılmasını, elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsini, qida məhsullarına dair digər beynəlxalq standartların qida məhsullarının istehsalçıları tərəfindən könüllü tətbiqinin təmin edilməsini, qida məhsullarının təhlükəsizliyi göstəriciləri üzrə tədqiqat xidmətlərinin göstərilməsini həyata keçirəcək:
“Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinə nəzarəti tarladan süfrəyədək prinsipi əsasında qida məhsulları istehsalının bütün mərhələlərində nəzarət qaydasında həyata keçirir. Agentlik qida məhsullarının təhlükəsizliyinə, baytarlıq, fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi, fitosanitar, baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirir, ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır”.
Agentlikdən əlavə edilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları risk idarəedilməsi prinsipi əsasında ekspertizalara cəlb olunur. Ölkədə istehsal olunan məhsullardan, ölkəyə idxal olunan məhsul partiyalarından nümunələr götürülür. Götürülmüş nümunələr laboratoriyada təhlükəsizlik göstəricilərinə görə müayinə olunur və müayinələrin nəticələrinə əsasən, məhsul nümunəsinin və məhsul partiyasının insan qidası üçün yararlı olub-olmaması haqqında rəy verilir.