...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 22 May 2018 20:26 (UTC +04:00)
Ombudsman və AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Ombudsman və AMEA-nın Tarix İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, konfransda İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov, Prezident Administrasiyasının sektor müdiri Çingiz Əsgərov, Milli Məclisin deputatları Elman Nəsirov, Jalə Əliyeva və Dilarə Cəbrayılova, Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova, Baş prokurorluğun, nazirliklərin və dövlət komitələrinin, digər dövlət qurumlarının rəhbərliyi və təmsilçiləri, Tarix İnstitutunun alimləri, universitetlərin, qeyri-hökumət və beynəlxalq təşkilatlarının, KİV-lərin, geniş ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ombudsman giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, 100 il əvvəl, 28 may 1918-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu və Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi”nin qəbul edildiyi, Bəyannamədə Azərbaycanın tamhüquqlu və müstəqil dövlət olmasının, ali hakimiyyətin Azərbaycan xalqına məxsusluğunun, bütün vətəndaşlara heç bir ayrı-seçkilik olmadan vətəndaşlıq və siyasi hüquqların verildiyinin, beynəlxalq birliyin üzvləri ilə, həmsərhəd dövlətlərlə dostluq əlaqəsinin təsbit olunduğunu bildirib. O, Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verərək diqqətə çatdırıb ki, müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika olmaqla, insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, nizami milli ordunun, dövlətin vacib strukturlarının qurulması Xalq Cümhuriyyətinin yürütdüyü siyasəti xarakterizə edir.

Qeyd olunub ki, Xalq Cümhuriyyəti Azərbaycan üçün çox mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başladı, 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə azərbaycanlılara qarşı soyqırımlar törədildi, ölkəmizdə tam hakimiyyətsizlik və hərc-mərclik hökm sürürdü. Öz təsir dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurasının üzvləri və Cümhuriyyət hökuməti Tiflisdən Gəncəyə köçdü, 4 ay ərzində Gəncə ölkənin paytaxtı oldu. 1918-ci il sentyabr ayının 15-də Bakı azad olundu, sentyabrın 17-də F.Xoyski hökuməti Gəncədən Bakıya köçdü və Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olundu.

Müvəkkil Milli Şuranın noyabrın 20-si “Azərbaycan Parlamentinin yaradılması haqqında” qanun qəbul etdiyini, həmin qanunda respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin üzvlərinin bərabər seçki hüququnun təsbit olunduğunu vurğulayıb. O, Xalq Cümhuriyyətinin qanunverici orqanı olan Parlamentin keçirdiyi iclas və hazırlanan qanunlarda xüsusilə də 16 yaşınadək uşaqların işləməsinin qadağan olunması, qadınların səhhətinə və fiziki imkanlarına uyğun olmayan işlərə qəbul edilməməsi, hamilə qadınlara güzəştlər edilməsi, müəssisələrdə işləyən qadınların südəmər uşaqları üçün xüsusi yerlərin ayrılması, uşaq bağçalarının açılmasının və başqa müddəaların nəzərdə tutulduğunun əhəmiyyətini söyləyib.

Diqqətə çatdırılıb ki, 26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı, həmçinin həmin dövrdə müstəqil respublikanın Parlamenti, ədliyyə, məhkəmə, polis və prokurorluq orqanları yaradılmış və bu il bu qurumların hamısı öz 100 illiyini qeyd edəcək. Həmin dövrdə mətbuat üzərindən senzura götürülmüş və 1919-cu il oktyabrın 30-da “Mətbuat haqqında Nizamnamə” qəbul olunmuşdur. 1998-ci il 6 avqustda Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə mətbuat üzərində senzura yenidən ləğv edilib. “Bakı Dövlət Universitetinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” AXC Parlamentinin 1919-cu il 29 aprel tarixli qərarı ilə Bakı Dövlət Universiteti yaradılmış və ölkəmizin ən qocaman və flaqman universiteti olan universitetin gələn il 100 illik yubileyinin keçirilməsi haqqında dövlət başçısı tərəfindən Sərəncam imzalanmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də Sovet Rusiyası tərəfindən Azərbaycanın ərazisi işğal edildi və qazandığımız müstəqilliyə son qoyuldu. Bütövlükdə cəmi 23 ay yaşamış müstəqil demokratik Azərbaycan dövlətinin əsas fəaliyyət prinsiplərinin, habelə idarəetmə mexanizmlərinin, dövlət qurumlarının özülünü qurmaqla yanaşı, insanlarda müstəqillik arzularının toxumlarını səpdi.

Ombudsman habelə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə, Ali Sovetin 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyi barədə məlumat verib.

Vurğulanıb ki, Azərbaycan xalqı qarşısında ölçüyəgəlməz xidmətləri olan, dünya şöhrətli siyasi və dövlət xadimi, fenomenal bir şəxs kimi tanınan, bu il anadan olmasının 95-ci və hakimiyyətə qayıtmasının 25-ci ildönümlərini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtması müstəqilliyimizin dayanıqlı inkişafı üçün real şərait yaratdı. 1993-cü ildən ölüm cəzasına veto qoyuldu və 10 fevral 1998-ci il tarixli müvafiq Qanunu ilə ölüm cəzası ləğv olunaraq, ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildi, Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğv olunması dünyada böyük əks-səda doğurdu, həm də respublikamızın Avropa hüquq məkanına inteqrasiyasına təkan verdi. Müstəqil dövlətimizin insan hüquqları sahəsində qanunvericilik bazasının əsasını Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyev hər zaman fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinə yüksək önəm verərək həmin tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasını və varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsinə böyük səy göstərmişdir.

Ombudsman bildirib ki, Xalq Cümhuriyyətinin beynəlxalq və ölkə daxili fəaliyyətinin əhəmiyyətini hər zaman yüksək tutan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”, bu ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamlar imzalanmış, yubiley medalı təsis edilmişdir. O, bu il çərçivəsində Gəncədə “Azərbaycan qadınının seçki hüququ: tarix və müasir qadın hərəkatı” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxış etdiyini, artıq Ombudsmanın Aparatı və regional mərkəzlərinin, habelə ahıllar, qadınlar, gənclər və uşaqlar üçün resurs mərkəzlərinin “Azərbaycan Xalq Cümhuriyyəti İli”ndə paytaxtda və regionlarda silsilə tədbirlər həyata keçirdiklərini diqqətə çatdırıb.

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik, millət vəkili Yaqub Mahmudov bu konfransın keçirilməsi üçün təşəbbüs göstərdiyinə görə Ombudsmana minnətdarlığını bildirib, Müvəkkilin tariximizlə bağlı aktual məsələlərə diqqət göstərdiyini yüksək dəyərləndirib. O, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsidir mövzusunda məruzə edərək, bu tarixin şərəf tariximiz olduğunu bildirib.

Xalq Cümhuriyyətinin tarixi haqqında geniş məlumat verilərək müsəlman Şərqində ilk müasir dövlətin məhz Azərbaycanda yaradılmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, o zaman Azərbaycanın böyük ziyalıları zəngin Cümhuriyyət ideyasını yaşatmış, xalqın tarixinə böyük töhfələr verilmiş, Azərbaycan üçün, bütün İslam dünyası üçün böyük addım atılmışdır.

Y.Mahmudov Ümummilli lider Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı tarixi həqiqətlərin üzə çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət yetirdiyini söyləyib.

Milli Məclisin deputatı Elman Nəsirov konfransa görə təşkilatçılara minnətdarlığını bildirib, Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti: ənənələr və varislik mövzusunda məruzə edib. O, Azərbaycanın 5 min illik zəngin dövlətçilik tarixində Cümhuriyyətin xüsusi yeri olduğunu bildirib, həmin dövlətin ideologiyası, xarici siyasətinin əsas məqamları, diplomatik sahədə fəaliyyəti, çevik siyasət nəticəsində mürəkkəb məsələlərin həll olunması, habelə 1919-cu ildə keçirilmiş Paris Sülh Konfransı barədə ətraflı məlumat verib. Habelə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin fəaliyyəti haqqında bilgilər səsləndirilib.

Ədliyyə Nazirliyinin idarə rəisi Faiq Qurbanov Azərbaycan Ədliyyəsi -100 il, Müdafiə Nazirliyi idarə rəisinin müavini Aydın Əyyubov Milli Ordunun yaradılmasının 100 illiyi, AMEA-nın Tarix İnstitutunun alimləri Cəbi Bəhramov, Leyla Hüseynova və Ədalət Qasımov Bakı nefti və Cümhuriyyətin siyasi taleyi, Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyəti və cümhuriyyət xadimlərinə münasibət məsələləri mövzularında məruzələri diqqətə çatdırıblar.

Yekunda E.Süleymanova Azərbaycan Xalq Cümhuriyyəti, zəngin tariximiz, Azərbaycan həqiqətləri barədə bilgiləri, məlumatları, kitabları gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. O, Prezidentin səyləri ilə dövlətimiz tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışdığını söyləyib, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın öz tarixi və doğma torpaqlarına qayıtmaq hüquqlarının bərpa ediləcəyinə inandığını bildirib.

Konfrans çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı, Azərbaycan həqiqətlərinə həsr edilmiş çoxsaylı kitablar və nəşrlər sərgisi Ombudsman təsisatı və Tarix İnstitutu tərəfindən təşkil olunub. Tarix İnstitutunun sərgidəki Cümhuriyyətlə bağlı 7 adda 100 kitabı Ombudsman təsisatının kitabxanasına hədiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti