Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun Trend-ə müsahibəsi
- Fərid müəllim, Gənclər Fondu bu il ərzində hansı işlər görüb və qarşıda hansı işlərin görülməsi nəzərdə tutulur?
- Azərbaycan Respublikasının Gənclər Fondu artıq 2011-ci ildən fəaliyyət göstərir və o dövrdən etibarən gənclərin, gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsini həyata keçirib, eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsini dəstəkləyib, gənclərin xaricdə tədbirlərdə iştirakını maliyyələşdirib. Təkcə ötən il 10-cu qrant müsabiqəsi çərçivəsində 600-ə yaxın layihə Fond tərəfindən maliyyələşdirilib.
Bundan sonrakı fəaliyyət daha geniş formada olacaq, çünki 7 mart 2018-ci il tarixində cənab Prezident İlham Əliyevin fərmanı ilə Gənclər Fondunun nizamnaməsi dəyişib, Fonda müxtəlif yeni vəzifələr həvalə olunub. Ona görə də qrant müsabiqələri ilə yanaşı, yeni fəaliyyət istiqamətləri üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Hazırda Fond tərəfindən 10-cu qrant müsabiqəsi üzrə maliyyələşdirmə davam edir, eyni zamanda, bu il 11-ci qrant müsabiqəsinin keçirilməsinə hazırlıq gedir.
Fond tərəfindən bu il bir sıra tədbirlər, o cümlədən Xocalı soyqırımının anılması, Ulu Öndər Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbirlər keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı da gənclər üçün böyük tədbirin keçirilməsi nəzərdə tutulur.
- Qeyd etdiniz ki, yeni nizamnamə ilə Fondun üzərinə yeni vəzifələr qoyulub. Bu vəzifələr nədən ibarət olacaq? Ümumiyyətlə, Gənclər Fondu yaradılarkən qarşıya qoyulan məqsədlərə nail olunub, yoxsa hələ görüləsi çox iş var?
- Bildiyiniz kimi, Gənclər Fondunun nizamnaməsi, təşkilati-hüquqi forması, təyinatı dəyişdirildi. Artıq Fond gənclər siyasətinin formalaşmasında iştirak edən orqana çevrilib və bu sahədə hüquqi bazanın hazırlanmasında yaxından iştirak edən bir qurumdur.
Qısa desək, yeni vəzifələr sırasına gənclərin xaricdə təhsili, gənclərin xarici ölkələrdə beynəlxalq təşkilatlarda təcrübə keçməsinin maliyyələşdirilməsi, eyni zamanda, gənclərin məşğulluğunun stimullaşdırılması proqramlarının həyata keçirilməsi, aztəminatlı ailələrdən olan tələbələrin yataqxana xərclərinin maliyyələşdirilməsi və innovativ layihələrin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi və dəstəklənməsi daxildir.
Gənclər Fondunun 2011-ci ildə qəbul edilən nizamnaməsi ilə 2018-ci ilin mart ayında qəbul edilmiş nizamnaməsi çox fərqlidir və hər nizamnamə ilə Fondun qarşısına fərqli vəzifələr qoyulub. Qeyd etdiyim kimi, yeni nizamnamə ilə bu vəzifələrin sırası daha da genişləndirilib. Hesab edirəm ki, Fond 2011-ci ildə qarşıya qoyulmuş vəzifələrin öhdəsindən gəlib və bunun da məntiqi nəticəsi odur ki, 2018-ci ildə bu vəzifələrin sırası, fəaliyyət sahəsi daha da genişlənib.
- Bir müddət öncə qeyd edilmişdi ki, Gənclər Fondu sahibkarlığın inkişafına dəstək göstərə bilər. Bu dəstək hansı formada mümkün ola bilər?
- Qrantlar haqqında qanunvericilik var. Bu qanunvericiliklə qrantların hər hansı bir mənfəət gətirən sahəyə yönəldilməsi məhdudlaşdırılır. Bu baxımdan həmin qrantlardan istifadə edərək hər hansı sahibkarlıq fəaliyyətinin qurulması kimi praktika müşahidə olunmayıb. Lakin Gənclər Fondu olaraq, biz gənclərin bütün sahələrdəki inkişafını, o cümlədən gənc sahibkarların inkişafını, onların maddi durumunun yaxşılaşdırılmasını dəstəkləməkdə məsuluq və maraqlıyıq.
Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi qrant şəklində olmur. Bunu biz innovativ layihələrin, “startap”ların güzəştli kreditlər formasında maliyyələşdirilməsi ilə həyata keçirməyi nəzərdə tuturuq. Bundan başqa, hazırda biz sosial sahibkarlıq fəaliyyətinin hansısa formada Fond tərəfindən dəstəklənə biləcəyi ilə bağlı təklifləri araşdırırıq, təhlil edirik və bu sahədə də fəaliyyət göstərməyə çalışacağıq.
Gənclərin məşğulluğunun artırılması isə fərqli bir proqramdır. Burada söhbət onların qrant şəklində maliyyələşdirilməsindən getmir. Bu proqram çərçivəsində biz təcrübəsi olmayan gənclər işə götürüldüyü zaman onların bir il müddətində əməkhaqlarının 50 faizini, yaxud müəyyən bir hissəsini razılıq əsasında maliyyələşdirməyi öz üzərimizə götürürük ki, bu da işəgötürənə gəncləri işə qəbul etmək üçün bir stimul olsun.
- Gənclərin innovativ layihələrinin, “startap”ların güzəştli kredit şəklində maliyyələşdirilməsi nə zaman və hansı formada mümkün olacaq?
- Yeni nizamnaməyə əsasən, bu cür kreditlərin Gənclər Fondu tərəfindən müvəkkil bank və ya bank olmayan kredit təşkilatı vasitəsilə verilməsi nəzərdə tutulur. Bilirsiniz ki, Azərbaycanda bir çox sahələrdə güzəştli kreditlərin verilməsi praktikası mövcuddur və bu istiqamətdə uzun müddətdir fəaliyyət göstərən fondlar var. Gənclər Fondu da həmin fondların təcrübəsindən yararlanaraq və müəyyən innovasiya qataraq bu istiqamətdə fəaliyyət göstərməyi planlaşdırır.
Nizamnamədən irəli gələn vəzifələrin həyata keçirilməsi üçün müəyyən qaydalar üzrə sənədlər var ki, hazırda biz o sənədlərin layihələrini hazırlayıb aidiyyəti qurumlarla razılaşdırırıq və müvafiq qurumlar tərəfindən təsdiqlənməsini gözləyəcəyik. Bütün bu sənədlər təsdiqləndikdən sonra biz güzəştli kreditlərin verilməsi istiqamətində əməli fəaliyyətə başlayacağıq.
- Bu gün gənclər daha çox hansı istiqamətdə layihələr təqdim etməkdə maraqlıdırlar? Bəs Gənclər Fondu gənclərin daha çox hansı istiqamətdə layihələr verməsini istərdi?
- Layihələr müxtəlif olur. Gənclər cəmiyyətimizi maraqlandıran bütün sahələr üzrə layihələrini, təkliflərini və ideyalarını bizimlə paylaşırlar. Əsasən gənclərin maarifləndirilməsi, vətənpərvərlik ruhunun aşılanması, eyni zamanda, Azərbaycan həqiqətlərinin yayılması, ekoloji problemlər, gənclərin zərərli vərdişlərdən uzaq olması, sağlam həyat tərzinin təbliği kimi layihələrə üstünlük verilir.
Təbii ki, müasir gənclik daha çox axtarışda olan, çağırışlarla mübarizə aparan və kifayət qədər geniş məlumata malik kateqoriyadır. Biz Gənclər Fondu olaraq həmin layihələrin uzunmüddətli və davamlı olmasını istərdik. Yəni istərsə hər hansı maarifləndirmə ilə bağlı layihə olsun, istərsə də vətənpərvərlik və s. sahədə olsun, biz bu layihələrin davamlı olmasında maraqlıyıq.
- Region gənclərinin fəallığının artırılması istiqamətində aparılan işlər nə dərəcədə səmərəlidir?
- Təbii ki, ölkə əhalisinin bəlli bir qismi Bakıda və Abşeron yarımadasında yaşayır və layihələrin də əsas poliqon mərkəzi məhz Bakı şəhəri və Abşeron yarımadasıdır. Bununla yanaşı, Fondun maliyyələşdirdiyi layihələrin coğrafi əhatəsinə baxsanız görərsiniz ki, layihələr bütün regionları əhatə edib.
Regionlarda gənclərin ümumi fəallığı tam qənaətbəxş sayıla bilməz. Belə ki, gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının cəmi 10 faizi regionlarda yerləşir. Digər tərəfdən, regionlarda layihələr bəzən Bakıda fəaliyyət göstərən gənclər təşkilatları tərəfindən həyata keçirilir.
Fikrimcə, regionlarda həyata keçirilən layihələrə və region gənclərinin inkişafı üçün daha geniş şəraitin yaradılmasına ehtiyac var və təbii ki, biz də fəaliyyətimizdə bu məsələyə xüsusi diqqətlə yanaşacağıq ki, regionlarda fəaliyyətimiz genişlənsin.
- Bu gün radikal dini qruplaşmaların əsas hədəfi gənclərdir və onlar gənclərin asudə vaxtlarından sui-istifadə etməyə çalışırlar. Bu baxımdan gənclərin asudə vaxtının səmərəli təşkili necə həyata keçirilir?
- Əslində burada kompleks yanaşmaya ehtiyac var. Fikrimcə, bu məsələ daha geniş mənalıdır. Söhbət gənclərin asudə vaxtından gedirsə, bu, yalnız onların radikallaşmadan uzaqlaşdırılması anlamına gəlməməlidir. Burada həm də gənclərin qeyri-sağlam həyatdan uzaq durmaması, eyni zamanda, gənclərin özlərinin inkişafı üçün zəmin yaradılması nəzərə alınmalıdır. Asudə vaxtın müəyyən bir maarifləndirmə effekti də ola bilər ki, gənclər özlərinin gələcəkdə maddi vəziyyətini yaxşılaşdırmaq üçün asudə vaxt zamanı öyrəndiklərini tətbiq edə bilsinlər.
Asudə vaxtın səmərəli təşkili üçün ölkəmizdə, demək olar, bütün rayonlarda gənclər evləri fəaliyyət göstərir. Gənclər Fondunun da yeni nizamnaməsinə əsasən, Fondun gənclər evlərinə dəstək vermək hüququ var. Bu, həm maddi-texniki dəstəkdir, həm də onların fəaliyyəti ilə bağlı təkliflər verməkdir. Bu baxımdan gənclər evlərinin kəmiyyəti ilə yanaşı, keyfiyyətinin də artırılmasına diqqət yetirilir. Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər evlərinin fəaliyyətinə xüsusi dəstək verilir.
Bu baxımdan asudə vaxtın səmərəli təşkili üçün infrastruktur imkanları mövcuddur. Sadəcə olaraq, ola bilər ki, bəzi regionlarda yaxşı idarə edilir, bəzi regionlarda isə daha zəifdir. Lakin ümumi infrastruktur imkanları gənclərin asudə vaxtının kifayət qədər səmərəli təşkilinə şərait yaradır.
- Gənclərə nə demək istərdiniz, hansı tövsiyələri verərdiniz?
- Bilirsiniz ki, Azərbaycanda gənclər siyasəti kifayət qədər genişdir, ölkədə gənclər üçün geniş imkanlar yaradılıb. Gənclər Fondunun yeni nizamnaməsinin cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunması və yeni imkanların yaradılması da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin məntiqli davamıdır.
Bu gün cənab Prezident tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir. Gənclərin yeni dövrlərdə yaranan problemlərinin həlli istiqamətində müxtəlif dövlət qurumlarına həm vəzifələr, həm də müəyyən səlahiyyətlər verilir. Bu baxımdan da gənclərə hər hansı problemləri yarandığı, hər hansı müraciətləri və təklifləri olduğu tədqirdə, dövlət qurumları ilə, xüsusilə Gənclər Fondu ilə yaxından işləməyi tövsiyə edərdim. Əgər gənclərin bizim fəaliyyətimizlə bağlı hər hansı irad və təklifləri varsa, onları da eşitməyə çox məmnun olardıq.