...

Görkəmli alimin xatirəsinə

Cəmiyyət Materials 24 İyul 2018 14:09 (UTC +04:00)

Bakı. Trend:

Dili canından çox sevən, yorulmadan onun problemlərindən yazan filologiya ilə bağlı zəngin tədqiqatları, araşdırmaları ilə dilimizin sehirli dünyasını yaşadanlar... Dilimizin sehirli dünyasına baş vurmaq, xalqımızın söz sərvətinin incəliklərini duyaraq qələmə almaq hər kəsə nəsib olmur. Bunu duyanlar ədəbi yaşarlıq qazanır. Əzizxan müəllimin yaradıcılığı da beləcə o səda, o harayla başladı... Dilimizin sehirli dünyasını, xalqımızın söz sərvətinin incəliklərini aramağa, araşdırmağa çağırırdı... bu səda onu. Axtardıqca dilimizin zənginliyi, məna dərinliyi heyrətdə qoyur onu. Beləcə xalqımızın mənəvi varlığını, dərkedilməz dərəcədə geniş olan Azərbaycan mənəviyyat ümmanının dərinliklərini, tarixinin zənginliyini araşdırmağa başlayır. Onun Azərbacan dilinin aktual problemlərinə həsr olunmuş tədqiqatları öz orijinallığı, elmi səviyyəsi ilə seçilir, axtarışları bəhrəsini verirdi. Beləcə başladı ömür yolu...

Əsl ziyalıya xas olan yüksək intellekt səviyyəsi ilə seçilən görkəmli alim, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdiyev 1959-cu ildə gözəl təbiəti, ürəkaçan mənzərəsi ilə seçilən Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Aşağı Qarabulaq kəndində anadan olmuş və orta təhsilini də orada bitirmişdir. 1977-ci ildə APİ-nin (M.Tusi adına ADPU) filologiya fakültəsinə qəbul olmuş və İnstitutu “C.Cabbarlı adına təqaüd”lə oxumuş və ali təhsilini 1981-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Elmi axtarışlara olan böyük həvəs onu rahat buraxmırdı. 1985-ci ildə məzunu olduğu ali məktəbin aspiranturasına qəbul olan Ə.Tanrıverdiyev 1987-ci ildə “XVII-XIX əsr Azərbaycan antroponimləri (ədəbi-bədii materiallar əsasında)” mövzusunda namizədlik, 1998-ci ildə “Türk mənşəli Azərbaycan antroponimlərinin tarixi- linqvistik tədqiqi” problemi ilə bağlı doktorluq dissertasiyası müdafiə etmişdir. Ə.Tanrıverdiyevin elmi fəaliyyətini dilçiliyin müxtəlif problemləri əhatə edir. 37 ilə yaxın müəllimlik kimi şərəfli, müqəddəs bir amalı gəncliyimizə aşılamaqla yanaşı, dilçiliyin aktual problemlərinə dair onlarca monoqrafiya və kitabın, yüzlərlə məqalənin müəllifidir.

Təcrübə və nəzəriyyəni professionallıqla birləşdirməyi, vəhdət halına gətirməyi bacaran Əzizxan Tanrıverdiyevin yaradıcılığı məzmun və forma baxımından zəngin, çoxşaxəlidir. O, Azərbaycan dilinin tarixi, ədəbi dil və üslub, yazıçı dili, tarixi leksikologiyanın problemləri ilə bağlı tədqiqatlar aparırdı.

Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, mənşəyini, inkişaf tarixini, yayılma regionunu, bir dildən başqa bir dilə transliterasiya problemlərinin öyrənilməsi antroponimikanın əsas prolemlərindəndir. Müəllifin də tədqiqatının əsasını antroponimika problemləri təşkil edir. Onun həm namizədlik, həm də doktorluq dissertasiyası Azərbaycan dilində antroponimlərə həsr olunmuşdur. Bu da təsadüfi deyildir. Antroponimlər onu yaradan və yaşadan xalqın tarixini qoruyub saxlayan dil və mədəniyyət faktlarıdır. Müəllifin qeyd etdiyi kimi, hər bir onomastik vahid eləcə də antroponimik vahidlər xalqımızın qədim mənəviyyatını əks etdirən canlı tarixi əsərdir. Bu nəzərə alınaraq onun yaradıcılığında onomastikanın tədqiqat obyekti kimi antroponimlərin leksik-semantik və qrammatik xüsusiyyətləri təhlil edilmişdir. İnsan adları tarixi kateqoriyadır və cəmiyyətin inkişafında əvəzsiz rol oynayır. Tədqiqatçı da yaradıcılığında əsas diqqətini antroponimikanın nəzəriyyə və praktika məsələlərinin təhlilinə yönəltmişdir. Dilin lüğət tərkibində xüsusi yeri olan onomastik leksikanın araşdırılması, təhlili, elmi şəkildə ümumiləşdirilməsi dilimizin, onun tarixinin mürəkkəb və zəruri məsələlərinin həllinə istiqamət verir. Antropontmik vahidlərin tədqiqi alimin yaradıcılığının əsas xəttini təşkil edir. Əsərləri ilə tanışlıq sübut edir ki, dilimizin, mənəviyyatımızın dünəni, bu günü, ədəbi prosesi, yazıçı dili, milli dilimizin inkişaf tarixi, təşəkkülü onu düşündürən başlıca problemlərdəndir. Dil tarixi ilə bağlı tədqiqatlarında etimoloji və onomaloji araşdırmalara üstünlük verən tədqiqatçı türk kəlməsi işlətməkdən ehtiyat edən, tariximizi saxtalaşdıran alimlərdən fərqli olaraq, faktlara əsaslanaraq dilimizin inkişaf yollarını müəyyənləşdirir. Filologiya elmləri doktoru, professor Ə.Tanrıverdiyevin “XVII-XIX əsr Azərbaycan antroponimləri (ədəbi-bədii materiallar əsasında, 1993)”, “Türk mənşəli Azərbaycan antroponimləri” (1996), “XVI əsr qıpçaq dilinin qrammatikası” (2000) tədqiqatları ən çox Azərbaycan ədəbi dilinin inkişafının müəyyənləşdirilməsində, sabitləşməsində həlledici olan tarixi mərhələlərə həsr olunmuşdur. Son illərdə tədqiqatçı “Kitabi-Dədə Qorqud”un dili üzərində səmərəli araşdırmalar aparmış, uzun illər ərzində apardığı tədqiqatları– “Kitabi-Dədə Qorqud”da şəxs adları” (1999), “Kitabi-Dədə Qorqud “ və qərb ləhcəsi “(2002), “Kitabi-Dədə Qorqud”un obrazlı dili” (B., 2006), “Kitabi-Dədə Qorqud”un söz dünyası” (B., 2007) kimi monoqrafiyalarda öz əksini tapmışdır. Bu tədqiqat əsərləri qorqudşünaslığa layiqli bir töhfə kimi qiymətlidir. Oxuculara təqdim olunan bu əsərlərdə türk dünyasının ölməz abidəsi, şifahi xalq yaradıcılığının nadir incilərindən olan “Kitabi-Dədə Qorqud”un leksikasının araşdırılması tədqiqi təsadüfi deyildir. Çünki dastan türkdilli xalqların ədəbiyyatının dilinin, tarixinin etnoqrafiyasının tədqiqi üçün əsas mənbədir. Ona görə də yüzillərdir ki, bu abidə müxtəlif istiqamətlərdən tədqiqi olunsa da, bu gün də türk dilləri tarixinin qədimliyi və zənginliyi ilə bağlı mübahisəli faktların, dildəki leksik və qrammatik kateqoriyaların tarixi leksikologiya, tarixi dialektologiya və tarixi qrammatikanın tədqiqi üçün zəngin faktlar verir. Odur ki, geniş miqyasda, hüdudları görünməyən, qorqudşünasların diqqət mərkəzində olan mükəmməl bir sənət əsəri olaraq bu abidə daima tədqiqat obyekti olmuşdur. Müəllifin qeyd etdiyi kimi, dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər içərisində türk poetik təfəkkürünün məhsulu olan “Kitabi-Dədə Qorqud”un xüsusi yeri vardır. Oğuzların VII əsrdə yaratdığı bu monimental abidə 1815-ci ildən başlayaraq bu günə kimi tədqiqatçıların diqqət mərkəzindədir. Son illərdə “Dədə Qorqud” dastanları ilə bağlı tədqiqatlar göstərir ki, artıq abidənin ədəbiyyat və dil tariximizdə yeri, mətni, məzmunu, poetikası, əsatir qaynaqları, strukturu daha dərindən öyrənilməyə başlanmışdır. Bu baxımdan Ə.Tanrıverdiyevin “Kitabi-Dədə Qorqud”da şəxs adları tədqiqatı mövzu yeniliyi, problemin qoyuluşu və həllindəki yenilik ruhuna görə qorqüdşünaslıqda yeni söz, yeni addım kimi qiymətləndirilməlidir. Çünki monoqrafiyada dastandakı antroponimlər ilk dəfə onun tədqiqatlarında sistemli şəkildə araşdırılır və onların etimoloji təhlili verilir. Bir fakt da xüsusi qeyd edilməlidir ki, Ə.Tanrıverdiyev dastandakı şəxs adlarının etimoloji izahına keçməzdən əvvəl təhlil üçün zəruri olan ümumi qaydalar müəyyənləşdirmişdir. Həmin qaydalar etimologiyanın bir elm sahəsi kimi sərbəst uydurma mülahizələrdən uzaq dəqiq elmi prinsiplər əsasında inkişafına istiqamət verir. Müəllifin “Dədə Qorqud”da işlənən antroponimlərin tədqiqi, mənşəyi, işlədilmə məqamları və leksik-semantik qruplarına münasibət göstərir ki, dastandakı antroponimlərdə türkün dili, tarixi, etnoqrafiyası yaşayır. Bu baxımdan tədqiqatında əhatə olunan problemlər və əldə edilən nəticələr elmi səviyyəsi ilə diqqəti cəlb edir. Çünki müəllifin tədqiqatının ana xəttini türk mənşəli antroponimlərin araşdırılması təşkil edir. Ona görə də dastandakı adların etimoloji təhlillərini nəzəri cəhətdən əsaslandırarkən qədim və müasir türk dilləri materiallarına, qədim yazı və folklor qaynaqlarına, əski və müasir lüğətlərə, türk dilləri ilə qohum olmayan ölü və canlı dillərə, tarixi mənbələrə əsaslanaraq müqayisələr aparmışdır. Eyni zamanda şəxs adları işlənmə məqamları baxımından qruplaşdırılır və təhlil zamanı yalnız dil faktları deyil, həm də ədəbi-poetik təfəkkür tarixi-etnoqrafik şərait, milli-psixoloji mühit və s. amillər nəzərə alınaraq türk adqoyma ənənəsinin prinsipləri müəyənləşdirilir.

Ə.Tanrıverdiyev ana qaynağından süzülüb gələn, ulu kök üstündə yaranan və yazıya alınan türk dünyasının şah əsəri üzərində tədqiqatını davam etdirərək yazır: “Kitabi-Dədə Qorqud”un tədqiqi ilə bağlı həllini gözləyən problemlər də çoxdur. Belə problemlərdən biri də bu vaxta qədərki araşdırmalarda “Kitabi-Dədə Qorqud”un dili ilə konkret bir bölgənin sivəsinin geniş planda müqayisəyə cəlb edilməməsidir” (KDQ və qərb ləhcəsi. səh.3).

Bu nəzərə alınaraq dastan və qərb ləhcəsinin fonetik, morfoloji xüsusiyyətləri , müasir ədəbi dilimiz baxımından arxaik hesab olunan eynilə və ya müəyyən fonetik - semantik dəyişmələrlə işlənməsi monoqrafik şəkildə tədqiq olunmuşdur. Burada söylənilən fikirlər tədqiqatçı alimlərin, türkoloqların, qorqudşünasların tədqiqatlarına əsaslanmaqla özünə məlum olan bu yerlərin, xalqların tarixi mənşəyi, soyu, kökü haqqında məlumatlar əsas götürülərək problem zəngin faktlarla təhlil edilir.

Qorqudşünaslıqda “Kitab”dakı surətlərin dilinin ayrılıqda öyrənilməsi xüsusi olaraq qeyd olunsa da bu istiqamətdə sistemli tədqiqat başlıca problemlərdəndir. Bu mövzunun tədqiq olunması ilə obrazların dilindəki fərdiləşdirici xüsusiyyətlərin aşkarlanması ilə yanaşı, türk poetik təfəkkürü müəyyənləşdirilir. Bu baxımdan Ə.Tanrıverdiyevin “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” monoqrafiyasında obrazların dili zəngin faktlarla tədqiq olunmuşdur. Dil tarixi ilə bağlı tədqiqlərində etimoloji və onomaloji araşdırmalara üstünlük verən müəllif tariximizi saxtalaşdıran alimlərdən fərqli olaraq, danılmaz faktlara əsaslanaraq tariximizin gədimliyini əsaslandırır.

Dilimizin tarixi, milli dil, ədəbi dilin üslub və normaları, filologiyamızın dünəni və bu günü, ana dilinin saflığının qorunması onun başlıca tədqiqat obyektləridir. O, bədii dil məsələləri ilə daha ardıcıl məşğul olmuş, dövrü mətbuatda silsilə məqalələr nəşr etdirmişdir. Bu işi ardıcıl olaraq davam etdirən müəllif klassik və müasir söz sənətkarlarımızın bədii dili üzərində maraqlı tədqiqatlar aparmışdır. “Poeziyanın dili, dilin poeziyası” əsəri yenicə işıq üzü görmüş, müasir poeziyamızın dili, üslubu, poetikası, yəni müasir ədiblərin, şairlərin yaradıcılığında istifadə etdiyi ədəbii-bədii sənətkarlığın incəlikləri ilə bağlı tədqiqatlar aparılmışdır. Zahid Xəlil, Paşa Qəlbinur, Mətləb Nağı, Akif Səməd kimi şairlərin poetik dilinin fəlsəfi-estetik mahiyyəti linqvistik müstəvidə araşdırılmışdır. Elmi axtarışlarını inadkarlıqla, əsl sənət yanğısı ilə davam etdirən Əzizxan müəllimin elmi uğurları ilə tanış olanda zəhmətkeşliyinə, məhsuldar fəaliyyətinə, istedadına qibtə edilir.

Əzizxan müəllim təkcə Azərbaycanda deyil, vətənimizin hüdudlarından uzaqlarda da - Ufa, Daşkənd, Aşqabad, Tehran, İstanbul və başqa şəhərlərdə keçirilmiş simpozium və elmi konfranslarda problem mahiyyətli maraqlı məruzələrlə çıxış etmiş, Azərb.EA-nın müxbir üzvü, A.Qurbanovun istedadlı tələbəsi, layiqli davamçısı olmuşdur. Tədqiqatçı tarixi leksikologiya, leksikoqrafiya sahələri üzrə aktual problemlərin araşdırılmasında da həm problem rəhbəri kimi, həm də əsas tədqiqatçılardan biri kimi fəaliyyət göstərmişdir.

Məhsuldar elmi fəaliyyəti ilə yanaşı, görkəmli alimin yüksək ixtisaslı kadrların yetişdirilməsində də mühüm xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 10-dan artıq namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur. O, uzun müddət BDU-nun İxtisaslaşdırılmış Müdafiə Surasının üzvü kimi fəaliyyət göstərmiş, onlarla dissertasiya işinə rəyçi və rəsmi opponent təyin olunmuş, gənc dilçilərə bilik və təcrübəsini müdrikliklə öyrətmiş, onlara bu elmin sirlərinə bələd olmaqda əlindən gələni əsirgəməmişdir. Alim ömrünün axırına kimi filologiya üzrə İxtisaslaşdırılmış Müdafiə Surasının üzvü olmuşdur. Ancaq elmi yaradıcılıq onu ilk gənclik illərindən vurğunu olduğu pedaqoji işdən ayıra bilməmişdir. Çoxcəhətli fəaliyyətində onun elmi-pedaqoji fəaliyyəti mühüm yer tuturmuşdur. Əzizxan müəllim ali məktəbi qurtarandan yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətini də davam etdirmiş, üslubiyyatdan, nitq mədəniyyətindən, Azərbaycan dilinin qrammtikasından mühazirələr oxumuşdur. O, uzun illərdir ki, Azərbaycan dili tarixi və nitq mədəniyyətindən mühazirələr aparır, mənəvi varlığımızın ayrılmaz tərkib hissəsi olan dilimizin qorunması, saflığı sahəsində yorulmadan çalışırdı. Ə.Tanrıverdiyev elmi fəaliyyətini tədris-pedaqoji işlə-müəllimliklə vəhdətlə davam etdirən, filoloji fikrin yeni nailiyyətlərini auditoriyalarda tələbələrə çatdıran əsl müəllim, ziyalı idi. O, Azərbaycan dilinin yalnız tədqiqatçısı deyil, həm də təbliğatçısı idi. Əsas ünsiyyət vasitəsi kimi ana dilinin bütün incəliklərini duydurmaq, sevdirmək – bu işi gələcək nəsillərə çatdırmaq… Onun alim-pedaqoq amalının başlıca məqsədi xalqına, elminə xidmət etmək idi..

Ə.Tanrıverdiyevin elmi və ictimai-pedaqoji fəaliyyətini göz önünə gətirib arxada qalan işlərə baxanda şərəflə yaşanmış mənalı bir ömür görünür. Onlarca monoqrafiya və kitab, yüzlərcə məqalə, minlərcə tələbə ali təhsilli Azərbaycan dili və ədəbiyyatı müəllimi – bu ömrün silinməz səhifələridir. Görkəmli alim təbiətcə nikbin, xaraktercə tələbkar, sonsuz həyat sevincləri ilə yaşayan, , ömrünün son gününə qədər elmi fəaliyyətdən əl çəkməyən, son dərəcə həssas, qayğıkeş bir insan, gənclərin yaxın dostu, məsləhətçisi idi. O, həmçinin cox mehriban, qayğıkeş, xoşxasiyyət, ailəsinə qəlbən bağlı bir insan idi.

Onları xatırladıqca, tələbələrinin bir çoxunun yanında, öz yolunu davam etdirən gördükcə, onlarla çiyin-çiyinə çalışdıqca ürəyi sevinc, şərəf, iftixar duyğuları ilə yaşayan, gənclik ehtirası, gənclik gücü ilə fəaliyyət göstərən Əzizxan müəllimin vaxtsız vəfatı hamımızı sarsıtdı .Onun doğma dilimizə sözlə ifadə edilməyən, sərhədləri bilinməyən bu məhəbbəti gənc dilçilər üçün bir örnəkdir. Xalqa olan məhəbbətin təntənəsini ifadə edən bu səmərəli elmi yaradıcılıqdan hələ neçə-neçə nəsil bəhrələnəcək...

Biz tanınmış türkoloq alimi, bacarıqlı elm təşkilatçısını, gözəl yoldaş və xeyirxah bir insanı – mənim tələbə yoldaşım Əzizxan müəllimi itirdik. Təsəllimiz odur ki, Əzizxan müəllim qiymətli elmi əsərləri ilə, öz elmi fikir və ideyaları ilə həmişə bizimlə olacaqdır...

Terminologiya Komissiyasının sədr müavini,
filologiya elmləri doktoru, professor Sayalı Sadıqova

Məqalədə:
Xəbər lenti

Xəbər lenti