...

Ağdamda eradan əvvəl VI minilliyin birinci yarısına aid tarixi materiallar aşkarlanıb

Cəmiyyət Materials 29 İyul 2018 16:58 (UTC +04:00)
Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.
Ağdamda eradan əvvəl VI minilliyin birinci yarısına aid tarixi materiallar aşkarlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Ağdam rayonunun Eyvazlı kəndi yaxınlığındakı İsmayılbəy təpə neolit dövrü yaşayış məskənində aparılan arxeoloji qazıntı zamanı yeni tarixi materiallar aşkarlanıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yaşayış yerində aparılan qazıntı zamanı bizim eradan əvvəl VI minilliyin birinci yarısına aid oval, dairəvi və düzbucaqlı quruluşda çiy kərpicdən 8 tikinti qalığı aşkar edilib. Giriş qapısı olmayan bu evlərin döşəməsi, divarların daxili səthi qırmızı rəng qatılmış palçıqla suvanıb. Evlərin həyətlərinin döşəmə hissəsi çiy kərpiclə döşənib. Oval formada olan tikili qalığının birində mehrab və baş hissəsi qırılmış kiçik büt aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ neolit-eneolit ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədovun sözlərinə görə, bu tikilinin qədim məbədin qalıqları olduğunu ehtimal etmək olar:

"Qazıntı yerində erkən dəmir dövrünə aid qadın qəbrində bükülmüş vəziyyətdə dəfn olunan skelet də üzə çıxarılıb. Qarabağ düzündə yerləşən, Qafqazın ən qədim erkən əkinçi maldar tayfalarına məxsus yaşayış yerlərindən olan İsmayılbəy təpə yaşayış yeri Qarabağ neolit-eneolit ekspedisiyası tərəfindən 2012-ci ildən başlayaraq tədqiq olunur. 2012-2017-ci illərdə təpənin şərq hissəsində 400 kvadratmetr ərazidə arxeoloji qazıntı işləri aparılıb. Ötən dövrdə yaşayış məskənində 16 tikili qalığı, 3 mindən çox maddi mədəniyyət nümunəsi aşkar edilərək öyrənilib. 2010-cu ildən Qarabağ düzündə aparılan arxeoloji kəşfiyyat zamanı isə ümumilikdə 289 abidə qeydə alınıb ki, onlardan da 160-a qədəri qədim yaşayış məskənləridir. Bu abidələr Qarabağın dünyanın sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha təsdiqləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti