...

Bolqarıstanın müdafiə naziri Bakı Slavyan Universitetində olub (FOTO)

Cəmiyyət Materials 26 Sentyabr 2018 17:37 (UTC +04:00)
Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində olub.
Bolqarıstanın müdafiə naziri Bakı Slavyan Universitetində olub (FOTO)

Bakı. Trend:

Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini – müdafiə naziri Krasimir Karakaçanovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Slavyan Universitetində (BSU) olub.

Universitetdən Trend-ə verilən məlumata görə, tələbələr qonaqları foyedə bolqar dilində salamladıqdan sonra Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər.

Nümayəndə heyətini qəbul edən universitetin rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstanla əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva bu gün dünya üçün ən vacib məsələnin yer üzündə sülhün qorunub saxlanması olduğunu dilə gətirib. Rektor qeyd edib ki, məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər.

O, Azərbaycanla Bolqarıstanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb. N.Əliyeva bildirib ki, bu gün BSU-da 64 gənc bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir. O, əlavə edib ki, Bolqarıstanın məşhur universitetləri ilə BSU arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir.

Rektor ötən il Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo və Bolqarıstanın Milli və Dünya Təsərrüfatı universitetlərində olduqlarını və həmin ali məktəblərdən xoş təəssüratlarla ayrıldıqlarını diqqətə çatdırıb. O, bu dostluq və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Bolqarıstanlı qonaq öz növbəsində səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. O, Bolqarıstan dövlət rəhbərliyinin ölkələrimiz arasında dostluq və qardaşlığın genişlənməsi istiqamətində səylərindən danışıb. Nazir BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını da qeyd edib.

Daha sonra qonaqlar BSU–da fəaliyyət göstərən Bolqar dili və mədəniyyəti mərkəzində olublar. Qonaqlar burada müstəqillik dövrü Azərbaycanla Bolqarıstan arasında dostluq əlaqələrini əks etdirən eksponat və şəkillərlə tanış olublar. Görüşdə xatirə şəkilləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti