...

İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Yanvar 2019 19:25 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz - milli dəyərimizdir” mövzusunda konfrans keçirilib.
İlahiyyat İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Milli-Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin (MMDD) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz - milli dəyərimizdir” mövzusunda konfrans keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, konfransda MMDD İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, Birliyin sədr müavinləri Qorxmaz Paşayev, Nərminə Quliyeva, “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev, Aİİ rəhbərliyi, İnstitutun müəllim və tələbə heyəti iştirak edib.

“20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə anılıb.

Aİİ rəhbəri C.Məmmədov mərasim iştirakçılarını salamlayaraq, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlər, ölkəmizin inkişafında və milli-mənəvi təkamülündə həyata keçirlən hər bir tədbirin böyük hadisə olduğunu qeyd edib. O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Aİİ rektoru ali tədris müəssisəsinin gənclərdə vətənpərvərlik ruhunun aşılanması istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. İnstitut rəhbəri “20 Yanvar” hadisələrinin gənclərin milli ruhda tərbiyəsində və müstəqil dövlətçilik ənənələrinin inkişafındakı rolundan bəhs edib. Tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəallığının daha da artırılması, onların müasir informasiya-kommunikasiya texnologiyalarından, sosial şəbəkələrdən səmərəli istifadəyə təşviq edilməsinin zəruriliyi qeyd olunub.

C.Məmmədov bildirib ki, “20 Yanvar” hadisəsi xalqımızın tarixinə həkk olunmuş ən qanlı faciələrdəndir. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, müstəqilliyi uğrunda canlarını fəda etmişlər.

MMDD İctimai Birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru E.Talışinski çıxışında bildirib ki, “20 Yanvar” hadisəsinin tarixi əhəmiyyətlilik baxımından ictimaiyyətə çatdırılmasında, faciənin sosial və siyasi aspektinin mahiyyətinin gənclərə aşılanması istiqamətində dövlət qurumlarının, həmçinin vətəndaş cəmiyyətinin üzərinə məsuliyyətli vəzifə düşür.

Birliyin sədr müavini Q.Paşayev Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyinin hazırladığı “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximiz – milli dəyərimizdir” filminin lentə alınma məqsədindən, Nərminə Quliyeva isə filmdə iştirak edən gənclər və layihənin araya-ərsəyə gəlməsi haqqında məlumat veriblər.

"SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev çıxışında “20 Yanvar” faciəsinin canlı şahidi olmuş bir şəxs kimi, qanlı gecədə oğul və qızlarımızın ölümün gözünə dik baxaraq qəhrəmanlıq nümunəsi yaratdıqlarını bildirib. O qeyd edib ki, “20 Yanvar”a matəm günü kimi deyil, qəhrəmanlıq tarixi kimi yanaşılmalıdır: “1990-cı ilin 19-dan 20-nə keçən gecə baş vermiş faciədə o zamanlar Xalq Hərəkatının önündə gedən adamların və sovet hakimiyyətinin başında dayananların günahının olması hər kəsə məlumdur. Amma bütün bunlara baxmayaraq, xalqımız öz müstəqillik mübarizəsini heç nəyə qurban vermədi. Həmin hadisənin səhərisi gün xalqımızın ulu öndəri Heydər Əliyev Azərbaycanın Moskvadakı Nümayəndəliyinə ailəsi ilə birlikdə gələrək, Bakıda baş vermiş qanlı olaya siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi”, –deyə B.Quliyev bu gün şəhidlərimizin ruhuna ən böyük hörmətin məhz müstəqil dövlətimizin yaşamasının və çiçəklənməsinin olduğunu bildirib.

Konfransda “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr edilmiş “Tariximiz – milli dəyərimizdir” filminin nümayişi keçirilib, tələbələr məruzə ilə çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti