Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda elm, təhsil və sənaye müəssisələrində innovativ inkişafın təmin edilməsi üçün konkret layihələr və planlar hazırlanır.
Trend-in məlumatına görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, müasir dövrdə elm və təhsilin qarşısında çoxlu çağırışlar və vəzifələr dayanır: "Elm və texnologiyalar çox güclü inkişaf etdiyindən bir çox hallarda təhsil sahəsi bu inkişafla uyğunlaşa bilmir. Buna görə də təhsilin qarşısında dayanan vəzifə innovasiya fəaliyyətinin gücləndirilməsidir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Bunun nəticəsi olaraq, bu il yanvarın 10-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncamda bütün elm, təhsil və sənaye müəssisələrinə innovasiya fəaliyyətinin inkişafına diqqət yetirilməsi tapşırılıb".
Nazir müavini bildirib ki, bütün sahələrdə innovativ inkişafın təmin edilməsi üçün xüsusi işçi qrupu yaradılır: "Bu iş artıq Prezident Administrasiyası tərəfindən tənzimlənir. Bu istiqamətdə konkret layihələr və planlar hazırlanır. Bununla yanaşı, ali təhsilin rəqabətliliyinin artırılması üçün ali təhsildə innovasiya işlərinə diqqət yetiriləcək və beynəlxalq əməkdaşlığa diqqət yetiriləcək, doktorantura səviyyəsi üzrə innovasiya layihələrin icrası nəzərdə tutulur".