Bakı. Samir Əli - Trend:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında Tovuz rayonu Qazqulu kəndində vətəndaşa məxsus 99-FH-137 dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilib.
AQTA-dan Trend-ə verilən məlumata görə, baxış zaman avtomobilin yük hissəsində təxmini çəkisi 150 kq olan istifadəyə yararsız, ölmüş iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.
Heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın baş nahiyəsinin kəsildiyi, qarın hissəsinin isə kəsilərək çıxarıldığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma davam etdirilir.
Agentlik bir daha vətəndaşlardan bu kimi hallarla bağlı məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələrini xahiş edir.