...

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda qəzalı vəziyyədə olan binalarla bağlı tapşırıqlar verdilər (FOTO)

Cəmiyyət Materials 30 İyul 2019 10:17 (UTC +04:00)
Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda qəzalı vəziyyədə olan binalarla bağlı tapşırıqlar verdilər (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkə başçısı İlham Əliyevin tapşırıqları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Bakı şəhərinin rayonlarında kəskin qəzalı vəziyyətdə olan, bərpa-gücləndirmə və əsaslı təmir işlərinin aparılması mümkün olmayan binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər davam etdirilir. Müvafiq Dövlət qurumlarının apardıqları araşdırmalara əsasən, paytaxtın müxtəlif rayonlarında 17 ədəd belə bina müəyyənləşdirilmiş və bu binalardakı mənzillərdə yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, qəzalı vəziyyətində olan binalardan biri də Yasamal rayonu, Mirzə Ağa Əliyev küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli, 43 mənzilli binadır. Bina 1889-cu ildə inşa edilib və uzun müddət əsaslı təmir olunmadığından qəzalı, yaşayış üçün yararsız vəziyyətə düşmüşdür.

Vaxtı ilə Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 16.06.1989-cu il tarixli, 5/195 saylı Qərarı ilə bina qəzalı hesab edilərək sakinlərin oradan köçürülməsinə başlanmışdır. Həmin ildə binadan 23 ailə köçürülmüş, sonradan isə işlər yarımçıq qaldığından burada boşalmış mənzillər məcburi köçkünlər tətəfindən zəbt olunmuşdur.

Son illərdə binada vəziyyət daha da ağırlaşmış, 2011 və 2017-ci illərdə Fövqəladə Hallar Nazirliyi, “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutunun mütəxəssislərinin burada keçirdikləri təkrar baxışlar bina ilə bağlı əvvəlki rəyləri bir daha təsdiqləmiş, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların dərhal köçürülməsi, ərazinin hasarlanması və həyətə girişin məhdudlaşdırılması ilə bağlı akt tərtib olunmuşdur.

Hazırda binadan sakinlərin köçürülməsi işləri davam edir. Bununla əlaqədar bəzi sakinlər ayrılan kömpensasiyaların onları qane etməmələri və digər tələblər irəli sürərək öz narazılıqlarını bildiriblər.

Ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə dair tapşırıqları ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qəzalı binada olub, burada yaşayan sakinlər və məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə yaxından tanış olub, istək və arzularını dinləyiblər.

Eldar Əzizov binanın kəskin qəzalı olması ilə əlaqədar sakinlərin buradan təcili köçürülməsinin vacibliyini vurğulayıb, bildirib ki, buradakı köçürülmə dövlət əhəmyyətli tədbirlərlə bağlı köçürülmə deyil, binanın istismara yararsız qəzalı vəziyyətdə olması ilə bağlıdır və vətəndaşlara ödəniləcək vəsait kompensasiya deyil, maddi yardım kimi qiymətləndirilməlidir. Sözügedən bu binada sakinlərin köçürülməsi ilə bağlı ödəniləcək məbləğ şəhər üzrə maksimum həddə müəyyən edilib.

Görüşdə edilən müraciətlərlə bağlı yaşayış sahələrinin yenidən ölçülməsi ilə bağlı müvafiq tapşırıq verildi. Eyni zamanda binada məskunlaşmış məcburi köçkünlərin yerləşdirilməsi və bu zaman onların arzu və istəklərinin nəzərə alınması ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edildi.

Eldar Əzizov bildirib ki, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu binada həyata keçiriləcək köçürmə işlərinin tez bir zamanda, vətəndaşların hüquqlarının pozulmasına yol verilməməsi və onlara müvafiq köməkliklərin göstərilməsi ilə bağlı tapşırılar verilib, məsələ nəzarətə götürülüb. Həmçinin, sakinlərə deyilib ki, söküləcək binanın yerində hər hansı çoxmərtəbəli bina və ya ticarət obyektinin inşası nəzərdə tutulmayıb.

2 saatdan çox çəkən görüşdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərə mövcud Qanunvericiliyə uyğun olaraq real imkanlar daxilində hər cür köməklik göstəriləcəyini, binada köçürülmə işlərinin nəzarətdə saxlanılacağını qeyd edib.

Sakinlər görüşdən razı qaldıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti