Bakı. İlhamə İsabalayeva - Trend:
Biz gənclərin məşğulluğuna müsbət təsir edə biləcək proqramlar çərçivəsində onların müxtəlif ixtisaslara cəlbi üçün kurslar təşkil edirik. Tələblərə uyğun olaraq, Gənclər evlərinin bazasında müxtəlif ixtisasartırma, dil, kompüter bilikləri, inkişafa yönəlmiş kurslar və s. təşkil olunur.
Trend-in məlumatına görə, bunu “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Əlaqələndirmə Şurasının iclasında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
Bu proqramın gənclərlə bağlı sayca 3-cü dövlət proqramı olduğunu nəzərə çatdıran nazir müavini qeyd edib ki, hazırkı proqram bundan əvvəlkindən istiqamətlərinə görə fərqlənir. Hazırkı proqram 104 bənddən, 11 fəsildən ibarətdir. Burada yeni istiqamətlər, gənclik və yeni texnologiyalar, gənclərin gender məsələləri, onların ekoloji maarifləndirilməsi və digər məsələlər daha geniş şəkildə öz əksini tapıb:
"Amma ana xətt olaraq təbii ki, hər bir dövlət proqramında Azərbaycan gənclərinin vətənpərvərlik baxımından tərbiyəsi birinci yerdə dayanır. Gənclərimizin ictimai fəallığının artırılması, ölkədə gedən islahatlarda, müxtəlif layihələrdə iştirakına maksimum imkan yaratmaq, potensiallı yaradıcı gənclərin aşkar olunmasına şərait yaratmaq, beynəlxalq münasibətlər sistemi və s. kimi məsələlər sosial proqramlarda öz əksini tapır. Hazırkı dövlət proqramı uğurla icra olunur. Sevindirici məqam budur ki, demək olar Azərbaycanın bütün bölgələri bu proqram çərçivəsində keçirilən tədbirlərdə əhatə olunub. Əsas hədəflərimizdən biri də müvafiq dövlət proqramlarını regiondakı gənclərin inkişafına yönəltməkdir".