...

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəmiyyət Materials 23 Mart 2020 21:31 (UTC +04:00)
65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Bakı. İlhamə İsabalayeva - Trend:

Martın 24-dən iri ticarət mərkəzləri, o cümlədən Sədərək və Binə Ticarət mərkəzləri fəaliyyətini dayandıracaq.

Trend-in məlumatına görə, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, indiyədək koronavirusun qarşısının alınması üçün xeyli işlər görülüb və bunun nəticəsində nəzarət tədbirləri həyata keçirilir: "Xaricdən ölkəmizə xəstəliyin gətirillməsi kanalları demək olar ki, bağlanıb. Hazırda ticarət əlaqələri və yükdaşıma davam edir. Bir qədər əvvəl Azərbaycanın rayonlarından Bakı, Sumqayıt və Abşeron rayonuna giriş qadağan edilmişdi. Artıq Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonlarından çıxış da dayandırılıb. Bakıda qeydiyyatda olan insanlar azad şəkildə öz evlərinə qayıdacaqlar. Sumqayıt, Bakı, Abşeron daxilində gediş-gəliş sərbəstdir".

İş yerlərində qrafikin necə olacağına münasibət bildirən İ.Məmmədov bildirib ki, həssas qruplar üçün tədbirlər planı, təkliflər hazırlanıb:

"Çox qısa zamanda bu təkliflər təqdim ediləcək. 65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti