...

İbrahim Məmmədov: Koronavirusa yoluxanların sayına görə hansısa rayonu "həyəcan" rayonu elan etmək mümkün deyil

Cəmiyyət Materials 23 Mart 2020 23:13 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycanda olan koronavirus xəstələrinin sayının daha çox harada olması ilə bağlı bölgü aparmaq düzgün deyil.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.

O bildirib ki, hazırda 61 nəfər koronavirusa yoluxan şəxsə görə ölkənin hansısa regionu və şəhərini təhlükəli saymaq olmaz:

"61 nəfərin böyük əksəriyyəti xaricdən gəlib, xəstələrin kiçik hissəsi daxildə yoluxub. Ona görə hansısa rayonu "həyəcan" rayonu elan etmək mümkün deyil. Bu, həm də təhlükəlidir, bundan çəkinmək lazımdır".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti