...

Bəhruz Quliyev: Bir insanın məsuliyyətsizliyi ətrafındakı insanları da virusa yoluxdurması ilə nəticələnəcək

Cəmiyyət Materials 31 Mart 2020 09:03 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Azərbaycan qlobal problemlə mübarizədə digər ölkələrdən fərqlənir. Koronavirusun zərərlərini azaltmaq məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövlətin vətəndaşını qoruması yolunda həyata keçirilən tədbirlər silsiləsinin davamıdır.

Bu fikirləri Trend-ə "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mütəmadi olaraq əhaliyə müvafiq tövsiyələr verməsi, eləcə də ciddi ölçülərin götürülməsi dövlətin vətəndaşının yanında olduğunu deməyə əsas verir:

"Əlbəttə ki, vətəndaşlarımız da öz növbələrində xüsusi karantin rejiminə əməl etməlidirlər. Hər kəs həmrəylik göstərib tətbiq edilən qaydalara maksimum riayət etməyə borcludur. Bu, insanlarımızın sağlamlığı, virusdan qorunması üçün çox vacib amildir".

Siyasi ekspert qeyd edib ki, bu prosesdə həkimlərin və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının xüsusi xidmətləri həm prezident, həm də vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir:

”Mən bu sıraya KİV nümayəndələrini və televiziya əməkdaşlarını da əlavə edərdim. Çünki #EVDƏ QAL AZƏRBAYCAN həşteqinə rəğmən adıçəkilən sferanın əməkdaşları tam gücləri ilə əhalinin sağlamlığının qorunması və evdə qalarkən informasiya ilə təmin olmasını həyata keçirirlər. Düşünürəm ki, müxtəlif KİV-lərdə fəaliyyət göstərən jurnalistlərimiz də ictimaiyyəti məlumatlandırmağı davam etməli, virusa qarşı mübarizədə fəal olmalı, maarifləndirimə işləri aparmalıdırlar. Həyata keçirilən işlərdə həkimlər, polislər, jurnalistlər və s. kimi hər kəs öz sosial məsuliyyətini dərk etməlidir. Əlbəttə ki, bir insanın məsuliyyətsizliyi onun özü ilə yanaşı ətrafındakı insanları da virusa yoluxdurması ilə nəticələnəcək. Məhz bu baxımdan, ciddi karantin rejimini hər kəs öz həyatına da tətbiq etməlidir. Yəni koronavirus infeksiyasının ölkədə lokallaşdırılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər birimiz həmrəy olub, bu təhlükəli infeksiyaya qalib gəlməliyik. Evdə qalın ki, qalib gələk".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılır.

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə mümkündür.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədilə bir sıra iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti