...

Avropa İttifaqı koronavirusla mübarizəyə maliyyə dəstəyi ayırır

Cəmiyyət Materials 10 Aprel 2020 15:23 (UTC +04:00)
Avropa İttifaqı koronavirusla mübarizəyə maliyyə dəstəyi ayırır

Trend-i buradan izləyin

Bakı. Trend:

Aİ koronavirus ilə mübarizə üzrə keçiriləcək Qlobal hakaton üçün maliyyə dəstəyi ayırır. Mübarizəyə qoşulmaq üçün indi qeydiyyatdan keçin.

Trend-in məlumatına görə, Avropa İttifaqı və EU4Digital təşəbbüsü koronavirus pandemiyası ilə bağlı təcili çıxış yollarının tapılması istiqamətində ideyaların ərsəyə gəlməsi və paylaşılması məqsədi daşıyan Qlobal hakatona dəstək verəcək.

Dünyanın hər bir yerində, o cümlədən Şərq tərəfdaşlığı ölkələrində texnologiya sahəsində çalışan ekspertlər və maraqlı şəxslər, elm adamları, biznes liderləri, layihə rəhbərləri, marketinq ekspertləri, dizaynerlər və innovatorlar 9-12 aprel tarixlərində tamamilə onlayn qaydada keçiriləcək Qlobal hakatonda iştirak etməyə dəvət olunurlar.

Onlayn hakaton Devpost platformasının dəstəyi ilə Accelerate Estonia, Garage48 və Guaana kimi innovasiya və tədqiqat platformaları tərəfindən təşkil olunur.

Avropa Komissiyası Qlobal hakatonda qalib gələcək komandaların mükafatlandırılması üçün 75 min avroya qədər maliyyə vəsaiti ayırıb. Ən yaxşı ideyalar üzrə ümumi mükafat fondu isə 100 min avro təşkil edir.

Aİ, həmçinin startaplar, kiçik bizneslər və elektron səhiyyə sahəsində hökumət ilə əlaqədar problemlərin həllinə öz töhfəsini verməyi və lazım olan sahələrdə həyat qabiliyyətli çıxış yollarının tapılmasında kömək etməyi planlaşdırır.

Qlobal hakatonun məqsədi, yaradıcı və çevik rəqəmsal həllərin ərsəyə gəlməsi məqsədilə dünyanın hər yerindən olan insanları ideyaların, praktiki bacarıqların və qabaqcıl təcrübələrin mübadiləsinə cəlb etməkdir.

Dünya miqyaslı mentorların və istedadlı komandaların bir araya gətirilməsi ilə daha yaxşı gələcək üçün çıxış yolları tapmaq mümkündür.

Hakatonda yerli icmalarda yaşayan insanlar arasında əlaqələrin qurulması və daha böyük çətinliklərlə üzləşən insanlara kömək etmək məqsədilə rəqəmsal innovasiyaların hansı formada istifadə ediləcəyini nümayiş etdirən yeni həllər təqdim olunacaq.

Sözügedən onlayn tədbir artıq dünya ictimaiyyətinin diqqətini cəlb etməyi bacarmışdır. Belə ki, Forbes, Silicon Republic, CNN və digər tanınmış kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan hakaton OpenAI-nin icraçı direktoru Sem Altmen, Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves və ictimai səhiyyə sahəsində mütəxəssis və neyrotexnoloq kimi tanınan Xaliyə (Khaliya) daxil olmaqla, bir sıra dünya miqyaslı mentorların diqqət mərkəzindədir.

Hakatonda iştirak etmək üçün istənilən şəxs hər hansı bir eyni ideya üzərində çalışacaq 6-12 nəfərdən ibarət komanda toplaya bilər. Komanda rəhbəri Guaana vasitəsilə ideyanı və adını qeydiyyatdan keçirməlidir. Hakaton ərzində iştirakçılar hal-hazırda davam edən sosial-iqtisadi böhranın aradan qaldırılması və böhrandan sonra bərpa prosesinin həyata keçirilməsinə dair ən yaxşı və ən parlaq ideyalarını təqdim edəcəklər. İstənilən şəxs reddit səhifəsində digər istifadəçilərin ideyaları ilə bağlı rəy qismində ideyalar dərc edə, tərəfdaşlar və çətin tapşırıqların daxil edilməsinə dair qaydalar tapa bilər.

Ətraflı məlumat:

Qlobal hakatonun internet səhifəsi

Facebook-da Qlobal hakaton barədə tədbir

Avropa Komissiyası Qlobal hakatona dəstək verir

Twitter-də @Garage48-i izləyin

Startup Avropa

Accelerate Estoniya

Guaana

Məqalədə:
Xəbər lenti

Xəbər lenti