Bakı. İlhamə İsabalayeva - Trend:
BMT-nin Əhali Fondu bundan sonra da öz səlahiyyətləri və imkanları daxilində ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı aparılan ölkəmiqyaslı mübarizəyə öz dəstəyini verməkdə davam edəcək.
Trend-in məlumatına görə, bunu BMT ƏF-nun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev deyib.
O bildirib ki, ölkədə geniş vüsət almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə qoşulan BMT-nin Əhali Fondunun (BMT ƏF) ölkə nümayəndəliyi xəstəliyin profilaktikası üçün nəzərdə tutulan bir sıra tibbi və sanitar-gigiyena ləvazimatlarının tədarükü və təchizatını başa çatdırıb.
Əlcək, tibbi maska, rəqəmsal termometr, əl və səthlər üçün dezinfeksiyaedici maye, tibb işçiləri üçün üz sipəri və s. ləvazimatlardan ibarət olan yardım dəstlərini tərəfdaşlıq etdiyi sosial xidmət və qayğı, eləcə də səhiyyə sahələrində fəaliyyət göstərən müəssisələrə təhvil verib.
Məişət zorakılığına məruz qalmış qadınların üz tutduğu ünvanlardan biri olan qadın sığınacaqlarının fəaliyyətinin dəstəklənməsi və hazırkı pandemiya şəraitində sığınacaq sakinlərinin koronavirusdan müdafiəsinin təşkilinə töhfə vermək məqsədilə ləvazimatların bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq akkreditasiyası əsasında fəaliyyət göstərən qadın sığınacaqlarına - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə (Bakı) və “Təmas” Regional İnkişaf İctimai Birliyinə (Gəncə) təqdim olunub.
Pandemiya dövründə hamilələrin, gənc anaların və yenidoğulmuşların sağlamlığının təmin olunmasının ən ümdə məsələlərdən biri olduğunu nəzərə alaraq, BMTƏF ləvazimatların bir hissəsini doğum evləri və qadın məsləhətxanalarına paylanılması üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna təhvil verib.
Tədarük edilmiş ləvazimatların daha bir qismi Fondun tərəfdaşlarından biri olan “Üçüncü Bahar” İctimai Birliyinə çatdırılıb.