...

Dövlət Komitəsi: Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verənlərə qarşı tədbirlər görülməlidir

Cəmiyyət Materials 11 İyun 2020 22:22 (UTC +04:00)
Dövlət Komitəsi: Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verənlərə qarşı tədbirlər görülməlidir

Bakı. İlhamə İsabalayeva - Trend:

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol vermiş hüquqi və fiziki şəxslərə qarşı lazımi tədbirlər görülməlidir.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

O əlavə edib ki, qanunvericilikdə bu sahədə işlək mexanizmlərin formalaşdırılmasına ehtiyac var.

S.Talışinskaya qeyd edib ki, qanunvericilikdə məsuliyyətin nəzərdə tutulmasına baxmayaraq, cinsi mənsubiyyətə görə baş vermiş ayrı-seçkilik halları ilə bağlı heç bir statistik məlumat mövcud deyil:

“Qadınlara qarşı zorakılıq, bütövlükdə məişət zorakılığı və doğulan uşaqlar arasında cins nisbətinin pozulması həm cəmiyyətimiz, həm də dövlətimiz üçün çox aktual olan mövzulardandır. Düzdür, Azərbaycan hökuməti gender əsaslı zorakılığın qarşısının alınması sahəsində çox mühüm işlər görür. İlk növbədə qanunun implementasiyası üçün hakimlərə, vəkillərə təlimlər keçirilib və bu, öz müsbət nəticəsini verir. Artıq məhkəmə qərarlarında bu sahədə qəbul olunmuş qanun və qoşulduğumuz konvensiyalara, o cümlədən «Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi» haqqında Konvensiyaya istinad edilir. Bununla yanaşı keçən il Komitə, Vəkillər Kollegiyası və Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyi arasında məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər 2 il müddətində komitə nəzdində fəaliyyət göstərən yerli Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət olduqda, Kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslərə Kollegiyanın potensialı daxilində hüquqi dəstəyin verilməsi, zərərçəkmişlərin hüquqlarının müdafiəsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanları ilə əlaqələndirmənin gücləndirilməsi, bu cür şəxslərə hüquqi yardımın göstərilməsi və qanuni nümayəndəlik xidmətləri üzrə vəkillərin bilik və təcrübələrinin artırılması üçün Vəkillər Kollegiyasının fəaliyyətinin dəstəklənməsi, vəkillər üçün gender-həssas təlim modullarının hazırlanması və keçirilməsi və bir sıra digər istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Hər bir icra hakimiyyəti yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Mütəmadi olaraq bu qrupların fəaliyyəti qiymətləndirilir, bu sahədə çətinliklər müəyyən edilir, təlim və seminarlar keçirilir. Bütün bunlar həmin monitorinq qruplarının işinin daha da təkmilləşdirilməsinə xidmət edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti