Bakı. İlhamə İsabalayeva - Trend:
Son günlərdə, xüsusilə cəbhə xəttində döyüşlər başladıqdan sonra orta məktəblərdə hərbi hazırlıq dərslərində tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin əyani vəsaitlərlə təchiz edilməsi məsələsi də gündəmə gəlib.
Təhsil eksperti Elçin Süleymanov Trend-ə bildirib ki, torpaqları işğal edilmiş Azərbaycanda məktəblərdə sözügedən fənnin tədrisinə diqqət artırılmalı, hərbi kabinetlər yaradılmalı, onlar təlim silahları və digər zəruri avadanlıqlarla təchiz edilməli, ehtiyatda olan zabitlər bu fənnin tədrisinə daha çox cəlb olunmalıdırlar.
E.Süleymanov qeyd edib ki, Azərbaycan vətəndaşına milli ruhun aşılanması prosesi hələ məktəbəqədər yaşlarından başlanılmalı, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu baxımdan, orta məktəblərdə tədris olunan hərbi-hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Hərbi hazırlıq dərslərində şagird təkcə silahlardan istifadə qaydalarını öyrənmir, eyni zamanda, onların vətənə bağlılığı artır, şagird vətəni müdafiə etmək borcunu dərk edir.
Mütəxəssis əlavə edib ki, son illər tədris proqramlarında dəyişiklik edilərək “İbtidai hərbi hazırlıq” fənni ”Gənclərin çağırışaqədərki hazırlığı" fənni ilə əvəz olundu. Azərbaycanda ümumtəhsil müəssisələrinin 10 və 11-ci siniflərində oğlan və qız şagirdlərinə il boyu 68 saat və həftədə 2 saat olmaqla “Çağırışaqədərki hazırlıq” dərsləri tədris olunur. Fənnin tədrisi Gənclərin İbtidai Hərbi hazırlıq Əsasnaməsinin 29 may 1998-ci il qərarına uyğun olaraq tənzimlənir. Fənni tədris edən müəllimlər Azərbaycan Dövlət Pedeqoji Universitetinin hərbi hazırlıq və fiziki təlim fakultəsini bitirən məzunlar və eyni zamanda Silahlı Qüvvələrdən ehtiyata buraxılan zabitlərdir.
E.Süleymanovun sözlərinə görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 308 ümumtəhsil məktəbinin 100-ə yaxınında “Elektron silah” layihəsi həyata keçirilir və bu layihə çərçivəsində məktəblər atış simulyatorları ilə təchiz olunub. Bu da dərslərin innovativ üsullarla keçirilməsinə imkan verir. Şagirdlər hər tədris ilində proqram materialına uyğun olaraq elektron silahdan atəş açır, atəşin əsas qaydalarını öyrənir, həmin silah komplektinə daxil olan digər AK-74 avtomatını tamam söküb-yığırlar. Şagirdlərə təlim minaları, təlim qumbaralarının təyinatı və quruluşu haqqında məlumatlar verilir, onlar tərəfindən mülki müdafiə hazırlığı üzrə əlehqazın geyinib-çıxarılması və ilk tibbi yardım qaydaları, yaralının təhlükəli zonadan çıxarılması qaydaları praktik olaraq yerinə yetirilir. Eyni zamanda, il boyu məktəblərimizdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi ilə birlikdə hərbi idman oyunları təşkil olunur.
Ekspert qeyd edib ki, hərbi rəhbərlər dərsliklə yanaşı, orta məktəblərdə hərbi kabinetlərin və maddi-texniki bazanın olmamasını əsas problemlərdən biri kimi görürlər.
Onun dediyinə görə, bəzi yerlərdə məktəblər yaxınlıqda yerləşən hərbi hissələrlə əməkdaşlıq edərək əyani dərsləri hərbi hissələrdə keçirlər. Lakin bu da qaneedici deyil.
E.Süleymanov qeyd edib ki, hazırda respublika üzrə orta məktəblərin və liseylərin atış simulyatorları ilə təchizatı Təhsil Nazirliyi və Müdafiə Sənaye Nazirliiynin Milli Aerokosmik Agentliyi (MAKA) arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilir. Sözügedən müqavilə çərçivəsində respublika üzrə 200-ə yaxın məktəbdə “Gilavar” atış simulyatoru quraşdırılıb. Bununla yanaşı, pilot layihələr çərçivəsində bir neçə məktəb Türkiyə istehsalı olan atış simulyatorları ilə təchiz olunub:
“Bura əsgərlərlə yanaşı, zabitlərin simulyatorlarda təliminin şərt kimi qarşıya qoyulması, mövcud simulyatorlarda görüntülərinin reallığının artırılması, 3D modelləmə kimi tələblərin ortaya qoyulması, müxtəlif səhnələrin məşq edilməsi kimi tələblər daxildir. Bu tələblər əsasında bazarda mövcud simulyatorları inkişaf etdirməyə çalışırıq. Yeni modellərdə istifadəçilər daha geniş imkanlar əldə edəcəklər. Düşünürəm ki, orta təhsil müddətində şagirdlərə Vətən sevgisi və əsas hərbi biliklər verilməlidir. Daha geniş biliklər və praktika hərbi çağırış zamanı və hərbi təhsil alanlara verilməlidir. Dünyada artıq tendensiya professional hərbi biliklərə malik, daha az sayda, amma çevik mütəxəssislərin yetişdirilməsinə fokuslanılır”.
E.Süleymanovun fikrincə, orta təhsildə zəruri olan hərbi biliklər və ilkin tibbi yardımın göstərilməsi vərdişləri öyrənilməlidir. Orta məktəblərdə hamıya vətənpərvərlik duyğuları aşılandırılmalı və hərbi sahəyə həvəs və qabliyyəti olanlar hərbi təhsilə həvəsləndirilməlidir. Professional hərbi təhsilin hərbi orta və ali təhsil müəsisələrində verilməsi daha məqsədəuyğundur:
“Bütün dünyada tendensiya bu yöndədir. Məktəblərdə hərbi sursatların əyani vəsait kimi saxlanılmasını isə təhlükəsizlik baxımından düzgün hesab etmirəm. Artıq simulyasiya proqramları ilə bu prosesi daha təhlükəsiz və dəqiq həyata keçirmək mümkündür”.