Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olması üzrə növbəti beynəlxalq sertifikatını alıb. ISO standartları üzrə beynəlxalq ekspertlər tərəfindən bu ilin iyul ayında Tibbi laboratoriyanın ISO 15189:2012 standartına uyğun mövcud olması, səhiyyə normativlərinin yerinə yetirilməsi, müayinə nəticələrinin düzgünlüyü, laboratoriya avadanlıqlarının və analiz üsullarının yüksək tələblərə uyğun təşkil edilməsi audit edilmiş və müvəffəqiyyətlə başa çatmışdır. Audit nəticələrinə görə Laboratoriyada keyfiyyətli xidmət göstərilməsi üçün tələb olunan şəraitin ISO 15189:2012 standartlarına tam uyğun olması təsdiq edilmişdir.
Bu gün İngiltərənin AB-CAB təşkilatın rəhbəri cənab W.B. Huber tərəfindən təsdiqlənmiş ISO 15189:2012 “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatı Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasına daxil olub. 2020-2021-ci illər üçün verilən ISO 15189:2012 sertifikatı Laboratoriyanın tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verir.
Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.