...

ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2020 14:03 (UTC +04:00)
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)

Bakı. Trend:

Azərbaycan Tibb Universitetinin praktikasında ilk dəfə olaraq tələbələrimiz xarici ali təhsil müəssisənin onlayn dərslərinə qatılıblar. Belə ki, ATU-nun İctimai səhiyyə fakültəsinin 1-ci kurs tələbələri tibb bacısı ixtisası üzrə Türkiyənin Qazi Universitetinin keçdiyi onlayn dərslərdə iştirak ediblər.

Dərslərdən öncə ATU və Qazi Universitetinin rəhbərliyinin və müvafiq fakültələrinin dekanlarının, həmçinin, Azərbaycan Respublikasının Türkiyə Cumhuriyyətində Səfirinin təhsil müşaviri Nəcibə Nəsibovanın iştirakı ilə ümumi tanışlıq xarakterli görüş keçirilib. Görüşdən sonra tibb bacılığı ixtisası üzrə distant formada dərsə start verilib.

Qeyd edək ki, ortaq onlayn dərslərin keçirilməsi haqqında razılıq bir müddət öncə Azərbaycan Tibb Universitetinin (ATU) və Türkiyənin Qazi Universitetinin rektorlarının iştirakı ilə təşkil olunan vebinarda əldə olunmuşdu. Məhz həmin görüşdə ATU-da yeni açılan tibb bacısı ixtisası üzrə dərslərin təşkilində Qazi Universitetinin çoxillik praktikasından istifadə etmək, online dərslərdə ATU tələbələrinin də iştirakının təmin edilməsi məsələsi gündəmə gətirilmişdi.

Həmin video görüşdə iki ali məktəb arasında əməkdaşlıq, pandemiya dövründə fəaliyyətin genişləndirilməsi və qarşılıqlı layihələr barədə fikir mübadiləsi aparılıb.

Uzun illərdir ki, ATU və Qazi Universiteti arasında çoxşaxəli əməkdaşlıq mövcuddur. İki ali məktəb arasında imzalanan anlaşma memorandumuna əsasən, tərəflər ali təhsilin keyfiyyətinin artırılmasına yönəlik ortaq layihələr, mübadilə proqramlar icra edirlər. Yaxın gələcəkdə ATU və Qazi Universiteti arasında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ikili diplom proqramı istiqamətində əməkdaşlıq qurulması planlaşdırılır.

Gələcəkdə ATU-da tibb bacısı ixtisası üzrə dərs deyəcək gənc müəllimlər üçün də Qazi Universiteti ilə birgə onlayn vebinarın təşkili nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti