Bakı. Trend:
Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” və “Prensa 21” qəzetlərində Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, son bir aya qədər işğal altında olan ərazilərdə törətdiyi talançılıq və vandalizm halları və 10 noyabr tarixində imzalanmış atəşkəs bəyanatı haqda bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Trend-ə verilə məlumata görə, münaqişənin tarixindən danışan səfir, Ermənistanın 1991-94-cü illər ərzində Azərbaycan ərazilərinin beşdə birini işğal etdiyini, 1 milyon azərbaycanlını, ümumilikdə ölkə əhalisinin 10 faizini bu ərazilərdən qovduğunu, bu təcavüz nəticəsində 35 min azərbaycanlının həlak olduğunu, işğal prosesinin Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayətlərlə müşaiyət olunduğunu, işğalçı dövlətin BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş və işğal edilmiş ərazilərin dərhal azad etməsini tələb edən qətnamələrin tələblərinə 27 il ərzində məhəl qoymadığını bildirib.
Qeyd edib ki, Ermənistanda 2018-ci ildə milliyətçi qüvvələrin hakimiyyətə gəlməsindən sonra bu ölkənin Azərbaycana qarşı təxribat xarakterli addımları artmış, 27 sentyabrdan etibarən Ermənistan silahlı qüvvələri dinc yaşayış məntəqələri və mülki əhaliyə qarşı geniş miqyaslı hücumlar həyata keçirməyə başlamış, nəticədə Silahlı Qüvvələrimiz özünümüdafiə hüququ çərçivəsində mülkü əhalini müdafiə etmək, BMT qətnamələrinin icrasına nail olmaq və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum əməliyyatlarına başlamış, 44 günlük davam edən əməliyyatlar zamanı işğalda olan ərazilərimizin xeyli hissəsini azad etmişdir.
Azad edilmiş şəhər və kəndlərimizin 30 il ərzində Ermənistan tərəfindən vəhşicəsinə talan edildiyini deyən səfir, işğaldan öncə 70 minə yaxın əhalisi olan şəhərlərdə bir dənə də sağlam bina qalmadığını, burada Azərbaycan xalqına məxsus mədəni, tarixi-memarlıq və dini abidələrin, eləcə də yaşayış binaları, məktəblər, muzeylər və infrastrukturun tamamilə məhv edildiyini, habelə bu ərazilərdə Azərbaycan mədəni irsinin saxtalaşdırılaraq erməni mədəni irsi kimi təqdim etmə cəhdlərinin aşkar olunduğunu məlumat verib və işğalçı ölkənin törətdiyi bu talanlarla bağlı Azərbaycanın beynəlxalq məhkəmə instansiyalarına müraciət edəcəyini söyləyib.
Səfir Türkiyənin də yaxından iştirakı ilə Azərbaycan və Rusiya Prezidentləri və Ermənistan Baş naziri tərəfindən imzalanan atəşkəs bəyanatın tələblərinə əsasən, Ermənistan silahlı qüvvələrinin 1 dekabr tarixinədək Azərbaycanın işağlda qalan ərazilərindən çıxarıldığını, atəşkəsə nəzarət üçün bölgədə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini, habelə razılaşmanın icrasına nəzarət məqsədilə Rusiya və Türkiyənin iştirakı ilə birgə monitorinq mərkəzinin yaradılmaqda olduğunu məlumat verib.
Bəyanatın tələblərinə əsasən, 30 il öncə Ermənistan tərəfindən bu ərazilərdən qovulmuş 1 milyon azərbaycanlı məcburi köçkünün yaxın gələcəkdə öz torpaqlarına qaytarılmasının nəzərdə tutulduğunu deyən diplomat, bunun üçün işğaldan azad olmuş ərazilərin ilk olaraq minalardan təmizlənməsi, daha sonra isə bölgəyə böyük həcmli sərmayə yatırımı və iri miqyaslı yenidənqurma işlərinin aparılması gərəkdiyini bildirib.
Sonda səfir Ermənistanla münaqişənin sona çatdığına ümidvar olduğumuzu, bu ölkənin rəhbərliyinin qisasçı meyllərdən yayınmalı və öz xalqını davamlı sülhə hazırlamalı olduğunu qeyd edib.
Müsahibə yuxarıda adı çəkilən qəzetlərə istinadən bir sıra digər onlayn xəbər portallarında da dərc olunub.