Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənilərin Vətən müharibəsi zamanı Gəncəyə atdığı raket atəşləri nəticəsində dağıdılan məktəblərdə tədrisin necə davam edəcəyi açıqlanıb.
Trend-in məlumatına görə, Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, raket atəşləri nəticəsində Gəncədə ümumilikdə 9 məktəbə ziyan dəyib.
A.Qədiməliyev əlavə edib ki, şəhərdəki 4 və 29 saylı məktəblərə ciddi ziyan dəyib. 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdə olduğu üçün təmir ediləcək. Məktəbin digər korpuslarında isə tədris davam etidiriləcək:
"29 nömrəli məktəb köhnə olduğu üçün terror aktı nəticəsində ora ciddi ziyan dəyib. Həmin məktəbdə tədris dayandırlıb. Məktəbin 929 şagirdi yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə tədrisini davam etdirəcək".
A.Qədiməliyev qeyd edib ki, digər məktəb binalarında pəncərə şüşələri qırılıb:
"7 məktəbin bir neçəsinin pəncərə və çərçivələrinin təmiri bitib, bir neçəsinin təmiri üçün də iş aparılır. Bunlar da fevralın 1-ə qədər tam təmir olunub istifadəyə veriləcək".