Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq filialının nümayəndələri Mingəçevir şəhərində fəaliyyət göstərən iri işəgötürənlərin insan resursları koordinatorları ilə görüşüblər.
Nazirlikdən Trend-ə verilən məlumata görə, işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün ilkin nəticəsi olaraq 3 işəgötürən peşə hazırlığına, 8 işəgötürən isə əməkhaqqının birgə maliyələşdirilməsi proqramı ilə bağlı müraciət edib.
Filialın nümayəndələri həmçinin, Mingəçevir Dövlət Universitetinin rektoru ilə də görüşüb. Görüşdə əmək bazarının mövcud tələbləri, tələbə və məzunların karyera inkişafının dəstəklənməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. Birgə əməkdaşlıq imkanları qiymətləndirilib və müvafiq layihələr çərçivəsində işbirliyinə dair ilkin razılıq əldə olunub.
Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.