...

Şuşada Beynəlxalq Kulinariya Festivalı çərçivəsində Cıdır düzündə rəssam və heykəltəraşların iştirakı ilə plener keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2022 21:45 (UTC +04:00)
Şuşada Beynəlxalq Kulinariya Festivalı çərçivəsində Cıdır düzündə rəssam və heykəltəraşların iştirakı ilə plener keçirilib (FOTO)

Şuşa. Trend:

Şuşada keçirilən birinci Beynəlxalq Kulinariya Festivalı çərçivəsində Cıdır düzündə rəssam və heykəltəraşların iştirakı ilə "Şuşa. Bahar əfsanəsi" adlı plener keçirilib.

Trend-in məlumatına görə, təbiət qoynunda yaradılmış əsərlər işğaldan azad edilmiş bu şəhərin bugünkü vəziyyətini, ecazkar təbiətini əks etdirir.

Azərbaycanın xalq artisti, professor Arif Hüseynov festivalın böyük əhəmiyyətini qeyd edib:

"Azərbaycanın mədəniyyət paytaxtı Şuşada birinci Beynəlxalq Kulinariya Festivalının keçirilməsi tarixi hadisədir. Qeyd etmək lazımdır ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycan mədəniyyətinin və ümumən incəsənətinin geniş təqdimatı keçirilir. Xüsusilə, “Azərxalça” ASC-nin yerli və xarici qonaqlar üçün “Xalça necə doğulur” interaktiv tamaşası və Azərbaycan Xalçaçısı Günü xüsusi maraq doğurur. Festivalda Azərbaycanın görkəmli rəssamları və heykəltəraşları iştirak edirlər ki, onlar öz yaradıcılıqları ilə ölkə həyatında bayram hadisəsini yaşadırlar. Burada, həmçinin müxtəlif ölkələri bir araya gətirən dünya xalqlarının mədəni ənənələrini təqdim olunub. Kulinariya həm də xalqların mədəniyyətinin və milli dəyərlərinin əks etdirilməsidir ki, onların sintezi Şuşa festivalının bütün parlaq palitrasını göstərir".

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti