Bakı. Trend:
Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır.
Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, gənclər üçün bir sıra proqramlar nəzərdə tutulur:
"Həm BMT ilə birgə həyata keçiriləcək, həm dövlət vəsaiti hesabına layihələrdə gənclərin məşğulluğuna xüsusi yer ayırılıb. Bir çox hallarda ali təhsilli məzunlarla bağlı danışırıq. Amma bu gün bazarda həm də peşə təhsilli və orta ixtisas təhsilli şəxslərə ehtiyac var. Bu səbəbdən gənclərin peşə karyerasının düzgün planlaşdırılması ən önəmli istiqamətlərdən biridir. Son 3 ildə biz həm karyera məsləhət proqramlarının icrasına, həm də peşəyönümlü məsləhət xidmətlərinin icrasına başlamışıq. Düşünürük ki, gənclərə hələ məktəbli dövründən istiqamətləri daha çox aşılamalıyıq".
Nazir həmçinin gənclərin elektron imkanlardan istifadəsini tövsiyə edib. Bildirib ki, ölkədəki vakansiyalar məşğulluq alt sistemində yerləşdirilir. Həmin vakansiyalara aktiv şəkildə müraciət etsinlər.