...

Evimi satıb Ramin Hacılıya 22 min manat vermişəm - Zərərçəkmiş

Cəmiyyət Materials 22 İyun 2022 17:17 (UTC +04:00)
Evimi satıb Ramin Hacılıya 22 min manat vermişəm - Zərərçəkmiş
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz miqrasiyada ittiham olunan Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Ramin Hacılı vəsatət qaldırıb. O bildirib ki, ona qarşı mütəşəkkil cinayətkar dəstə yaratmaq ittihamı əsassız verilib.

"Mən heç bir mütəşəkkil dəstə yaratmamışam. Nə dəstə var, nə fond var, nə heç nə. Mən bu işdə təkcə sənəd saxtalaşdırmada təqsirləndirilə bilərəm. Başqa nə dələduzluq etməmişəm, nə də heç nə. Xahiş edirəm cinayət işi yenidən ibtidai istintaqa qaytarılsın",-R. Hacılı bildirib.

Vəkil vəsatəti müdafiə edib.

Prokuror vəsatəti əsassız hesab edib.

Məhkəmə yerində müşavirə keçirərək qərara alıb ki, vəsatət təmin edilməsin.

Hakim bildirib ki, mütəşəkkil dəstə yaratmaq ittihamını məhkəmə verməyib və ona görə də bu məsələyə məhkəmə istintaqı dövründə baxılacaq: "Əgər məhkəmədə mütəşəkkil dəstə sübuta yetirilməsə, buna hüquqi qiymət veriləcək. Müəyyən edilsə ki, mütəşəkkil dəstənin tərkibində olmamısınız, o vaxt biz həmin maddə ilə sizə bəraət verəcəyik".

Prosesdə Ramin Hacılı ikinci vəsatəti təqdim edib. Bildirib ki, məhkəmə hazırlıq iclasında onun barəsində seçilən yenidən həbs qəti imkan tədbiri əsassız olduğu üçün dəyişdirilsin.
Hakim bu vəsatəti də təmin etməyib və Ramin Hacılı barəsində seçilən həbs qəti imkan tədbiri qüvvədə saxlanılıb.

Ramin Hacılı məhkəmə tərkibinə etiraz edib.

Müşavirədən sonra vəsatət baxılmamış saxlanılıb.

Ramin Hacılı bildirib ki, iyunun 16-dan aclıq aksiyasına başlayıb və aksiyanı işinə ədalətli baxılana qədər davam etdirəcək.

Daha sonra prosesdə ifadə verən zərərçəkmiş Azər Əliyev bildirib ki, Ramin Hacılı ona 22 min manat zərər vurub: "2018-ci ildə mənə şengen vizası lazım oldu və buna görə mən Raminə müraciət etdim. Əvvəlcə vizaya görə ona 3000 dollar verdim. Daha sonra vizanın tez alınması üçün daha 2 min dollar istədi, verdim. Qış parkında görüşdük, yenə pul istədi. 11 min 250 manat verdim. Dedi ki, sizin işinizi düzəldəcəm. Şengen vizasını aldım. Ramin yoxa çıxdı. Mənim də vizamın vaxtına az qalmışdı. Əslində, mənim Kanadaya getməyim lazım idi. Amma alınmadı. Vizanın da vaxtına az qalmışdı. Məcbur olub bilet pulumu, qalmaq pulumu özüm ödəyib Avropaya gedib-qayıtdım. Evimi satıb pulunu Raminə vermişəm. Qayıdan kimi Ramini tapdım. O bildirdi ki, pulu qaytaracaq. Daha sonra Ramin mənə pulu qaytarmadı. Mən Kanadaya gedə bilmədiyim üçün ailəm dağıldı. Ramin bir müddətdən sonra mənə zəng vurdu ki, sənə pul göndərirəm. Gecə taksi ilə mənə cəmi 100 manat göndərdi. Məni aldada-aldada bu günə gəlib çıxıb. Mən bunu vurub öldürsəm, tutacaqlar. İndi də eşitmişəm ki, bunu tutublar. Əsəb xəstəsi olmuşam. Dəfələrlə şikayətçilər çağırıb ki, gedək polisə, getməmişəm. Bu mənim Raminə yaxşılığım, bu da onun mənə elədiyi".

Ramin Hacılı bildirib ki, Azər Əliyevə şengen vizası alandan sonra onu həbs ediblər.
Təqsirləndirilən şəxs bildirib ki, Azər Əliyev bəzi şəxslər tərəfindən öyrədilərək məhkəməyə göndərilib.

Prosesdə Ramin Hacılı əsəbiləşərək şüşə qəfəsə yumruq vurduğu üçün məhkəmə zalından çıxarılıb. Proses Ramin Hacılının iştirakı olmadan davam etdirilib.

Ramin Hacılının vəkili Rəşad Əliyev prosesin təqsirləndirilən şəxssiz keçirilməsinə etiraz edib. Hakim vəkilə də xəbərdarlıq edib.

Prosesdə ifadə verən digər şahid Pənah Hüseynli bildirib ki, 2016-cı ilin yay aylarında ABŞ-a təhsil vizası üçün Ramin Hacılıya müraciət edib.

"Ramin Hacılıya bunun üçün 800 dollar vermişdim. Gedə bilmədiyim üçün həmin məbləği Ramin mənə geri qaytardı", - şahid bildirib.

Proses iyunun 29-da davam etdiriləcək.

İttihama görə, “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan Respublikasının vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti