...

Media Reyestrinin yaradılması ilə mətbuatın inkişafında yeni səhifə açılır - Vüqar Rəhimzadə

Cəmiyyət Materials 29 Sentyabr 2022 14:39 (UTC +04:00)
Media Reyestrinin yaradılması ilə mətbuatın inkişafında yeni səhifə açılır - Vüqar Rəhimzadə

Trend-i buradan izləyin

Bakı. Trend:

“Dövlətimizin bütün dövrlərdə cəmiyyətin güzgüsünə çevrilən, hər bir ölkənin inkişaf səviyyəsini göstərən mətbuatın fəaliyyətinin stimullaşdırılması, media mühitinin sağlamlaşdırılması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Bu gün artıq yeni dövrün yeni reallıqlarını yaşayırıq. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açmaqla yanaşı, mətbuatımızın da qarşısında bir sıra həllivacib məsələlər qoydu. Dövlət başçısı İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ölkə mediasının inkişafında yeni bir mərhələnin əsası oldu. Bunun üçün ötən bir ildən artıq dövrdə sözügedən Fərmandan irəli gələn və mətbuatın inkişafına xidmət edən addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkə Prezidentinin qeyd edilən Fərmanı əsasında yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) bu müddətdə həyata keçirdiyi layihələr, yeni dövrün tələbinə uyğun olaraq “Media haqqında” Qanunun hazırlanması ilə bağlı apardığı müzakirələr və son nəticədə bu qanunun prosedur qaydalarına uyğun şəkildə Milli Məclisdə qəbul olunması və bu ilin fevralında dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı əsasında təsdiqlənərək qüvvəyə minməsi mətbuat sahəsində təkmil hüquqi bazanın yaradılmasını təmin etdi. Bundan əlavə, jurnalistlərə sosial ipotekadan yararlanmaq imkanının yaradılması, qəzet kağızının ƏDV-dən azad edilməsi, media reyestrinin qaydalarının təsdiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən Azərbaycanın media mühitinə gətirdiyi yeni yanaşmaların təqdimatıdır. Bu kimi qərarlar bir daha təsdiqləyir ki, azad, müstəqil mətbuatın inkişafı demokratiyanın vacib amillərindən biri kimi dövlətin siyasətində mühüm yer tutur. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, demokratik cəmiyyəti mətbuatsız təsəvvür etmək mümkün deyil. Eyni zamanda, bütün dövrlər üçün aktual olan ictimai nəzarətin gücləndirilməsi məsələsində də mətbuatın üzərinə böyük məsuliyyət düşür. Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyevin bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu məqam xüsusi önə çəkildi.”

Bu fikirləri “İki sahil” qəzetinin Baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir sahədə möhkəm təməl uğurların davamlılığında əhəmiyyətli rol oynayır: “Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi ilə mətbuatımızın qarşısında yaranan imkanlar zaman keçdikcə daha da genişlənir, dövrün tələblərinə uyğun olaraq qarşıya çıxan vəzifələrin yerinə yetirilməsi üçün medianın fəaliyyətini tənzimləyən qanunda əlavə və dəyişikliklərə, o cümlədən yeni qanunun qəbuluna zərurət yaranır. Məlum olduğu kimi, “Media haqqında” Azərbaycan Respublikasının yeni Qanunun qəbulu da bu zərurətdən yarandı. Belə ki, 1999-cu ildə qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanun o dövrün reallıqlarını əks etdirirdi. Zaman keçdikcə ölkəmizin həyatında baş verən yeniliklər, eyni zamanda, hər bir sahənin inkişafına geniş imkanlar yaradan, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızda da yeniləşməni bir tələb kimi qarşıya qoyurdu. Bu baxımdan mətbuatın inkişafında yol xəritəsi kimi dəyərləndirilən “Media haqqında” Qanun özündə 78 maddəni ehtiva edir və burada əks olunan hər bir müddəa çağdaş mətbuatımız qarşısında yeni vəzifələr qoyur. Təbii ki, hədəflərə zamanında və yüksək səviyyədə nail olmaq üçün birgə səylərin göstərilməsi, qüvvə və bacarıqların səfərbər edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir mətbu orqan “Media haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn tələbləri sözdə deyil, əməldə yerinə yetirsə, düşünürük ki, azad və demokratik ölkəmizdəki mühitin daha da təkmilləşdirilməsinə, sağlamlaşdırılmasına öz böyük töhfəsini verə bilər.”

“Hər zaman bu reallığı təqdirəlayiq hal kimi qeyd edirik ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsinə görə MDB məkanında ən qabaqcıl yerlərdədir. Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizdən çoxu internet istifadəçisidir. Bütün bu reallıqları görməzdən gəlib Azərbaycanı qərəzli surətdə “qeyri-azad ölkə”lər sırasında qeyd edən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatları ilə bağlı dövlət başçısı İlham Əliyevə ünvanlanan sualların cavabı daim bu olur ki, internetin azad olduğu ölkədə mətbuata hər hansı qadağalardan söhbət gedə bilməz. Azərbaycanda azad sözə, fikrə böyük dəyər verilir. Hər kəs öz fikirlərində sərbəstdir. Ölkəmizdə medianın inkişafına, jurnalistlərin sərbəst fəaliyyətinə, peşəkarlıqlarının artırılmasına böyük diqqət göstərilir. Azərbaycanda media sahəsində yaradılan şəraitə bəlkə də dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil”, - Baş redaktor bildirib.

Vüqar Rəhimazədə vurğulayıb ki, Azərbaycan dövlətinin, cəmiyyətinin mətbuatdan gözləntiləri də dövrün reallıqlarına uyğun dəyişir. Hazırkı dövrdə mediamızdan əsas gözlənti milli informasiya təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqların daim ön planda saxlamaq, peşə etikasına riayət etmək, jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürməkdir: “Bu istiqamətdə atılan hər bir addım, qəbul olunan hər bir qanun, imzalanan hər bir Fərman və Sərəncam informasiya mühitinin sağlamlaşmasına, informasiya resurslarımızın artmasına, jurnalistlərin statusunun yüksəldilməsinə, nüfuzunun güclənməsinə xidmət edir. Bu baxımdan Media Reyestrinin yaradılması mühüm əhəmiyyət kəsb edir.”

“Media Reyestrinin yaradılması ölkədə fəaliyyət göstərən mətbuat orqanlarının sayının müəyyənləşdirilməsini və onların akkreditasiyasının effektli şəkildə həyata keçirilməsini təmin edəcək” söyləyən Baş redaktor qeyd edib ki, Media Reyestrinə məlumatların daxil edilməsi bu sahədə çalışan işçilərin hüquqlarının müdafiəsi, əmək münasibətlərinin tənzimlənməsi baxımından böyük önəm kəsb edir: “Digər tərəfdən, bu Reyestrin formallaşdırılması medianın inkişafı ilə bağlı layihələrin həyata keçirilməsində müsbət rol oynayacaq. Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük əsasında həyata keçiriləcək və məcburi xarakter daşımayacaq. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Media Reyestrinin yaradılması və vahid jurnalist vəsiqəsinin verilməsi media sahəsində boşluqların aradan qaldırılmasına öz töhfəsini verəcək.”

Vüqar Rəhimzadə onu da qeyd edib ki, mətbuatımızın qısa zamanda keçdiyi inkişaf yoluna nəzər salmaqla həm dövlətin, həm də Medianın İnkişafı Agentliyinin qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq üçün səylər göstərdiklərini və uğurlu nəticələrə nail olduqlarını böyük əminliklə söyləyə bilərik: “Agentlik qısa müddətdə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmaqla media ictimaiyyətinin rəğbətini qazanıb. Hesab edirəm ki, dövlət başçısı İlham Əliyevin 26 sentyabr 2022-ci il tarixli “Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərmanı medianın inkişafında növbəti mərhələnin başlanmasının təsdiqidir. Bütün hallarda məqsəd peşəkar medianın fəaliyyətinin stimullaşdırılmasıdır. Media Reyestrinə daxil olan jurnalistlərə vahid jurnalistika vəsiqəsinin verilməsi könüllü olsa da, əminəm ki, bu addım media mühitinin sağlamlaşmasına çox müsbət təsir göstərəcək. Media Reyestrinin aparılması qaydaları “Media haqqında” Qanunun 73.6-cı maddəsinə uyğun tərtib edilib. Hər bir maddənin təhlili fonunda bu ümumiləşdirməni aparmaq mümkündür ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsində prioritet istiqamət cəmiyyətin informasiya tələbatının ödənilməsində mühüm rol oynayan mətbuat işçilərimizin peşəkarlığının və məsuliyyətinin artırılmasıdır. Həmin maddələr arasında bu mühüm müddəa da öz əksini tapır ki, jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır. Təbii ki, burada söhbət jurnalist təhsilindən getmir. İstənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir. Çünki bu gün başqa ixtisas sahibi olub mətbuatda öz sözünü deyən jurnalistlərimiz kifayət qədərdir.”

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, cari ilin arxada qalan dövrü media sahəsində mühüm addımlarla zəngindir. Media Reyestrinin yaradılması və reyestrin aparılması qaydalarının təsdiqlənməsi medianın inkişafında açılan yeni səhifənin uğurlarla zəngin olacağından xəbər verir. Bunun üçün hər bir jurnalist bu qaydaları dərindən öyrənib mənimsəməli, bu mühüm addımın əhəmiyyətini düzgün təhlil etməli, ən əsası qarşıya qoyulan hədəfə öz töhfəsini verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti