...

Özbəkistanın ölkəmizdəki səfiri AzMİU-da olub (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2022 13:24 (UTC +04:00)

Bakı. Trend:

Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub və rektor, professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyinin üçüncü katibi Otabek Ramazanov, AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımov, beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və İctimaiyyətlə əlaqələr və marketinq mərkəzinin direktoru İsa Muradov iştirak edib.

Səfiri salamlayan rektor xalqlarımız arasında qədim tarixə malik olan dostluq və qardaşlıq əlaqələrinin bu gün dövlətlərimiz arasında uğurla davam etdiyini bildirib. Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri və bu səfər zamanı əldə olunan razılaşmalarla ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin daha da dərinləşdiyini deyən rektor AzMİU və Özbəkistan universitetlərinin mövcud əlaqələrdən danışıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU ilə Daşkənd Memarlıq Universiteti, Səmərqənd Dövlət Universiteti, Buxara Dövlət Universiteti arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli mühit formalaşıb.

Görüşə görə təşəkkürünü bildirən səfir Bəhrom Əşrəfxanov AzMİU ilə bağlı təəssüratlarının yüksək olduğunu və Özbəkistan ali təhsil müəssisələri ilə AzMİU arasında yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi üçün səfirliyin bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Görüşdə AzMİU-nun da təmsil olunduğu Türk Dövlətləri Birliyi nəzdində Türk Universitetləri Birliyində AzMİU ilə əməkdaşlıq yolu ilə Özbəkistan universitetlərinin də təmsil olunması, əlaqələrin perspektivləri, beynəlxalq layihələrdə birgə iştirak, elm, tədris və tədqiqat sahələri üzrə əməkdaşlıq imkanları haqqında geniş müzakirə aparılıb.

Daha sonra rektor, professor Gülçöhrə Məmmədova səfir Bəhrom Əşrəfxanovu AzMİU-nun Memarlıq fakültəsi ilə tanış edib. Səfir fakültənin tədris auditoriyaları və laboratoriyalarına, sərgi salonuna, tələbələrin əl işlərinə baxış keçirib və fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti