Bakı. Trend:
Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir
2022-ci ilin ölkə prezidenti tərəfindən “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq “Azercell Telekom” Şuşa mədəni irsindən ibarət əsər toplusunu audiokitab, audiopyes, komiks, animasiya, podkast, videolar formatında həm yerli, həm də beynəlxalq ictimaiyyətə təqdim etdi. Məzmun Azərbaycan, Türk, İngilis, Rus və Fransız dillərində hazırlanaraq əlçatan formatda ilk öncə Youtube kanalı vasitəsilə izləyici auditoriyası üçün açıq elan edildi. Beləliklə, “Qarabağın səsini dinlə” adı altında dərc olunan Azercell-in xüsusi məzmun seriyasının təqdimatı təntənəli şəkildə ADA Universitetində baş tutdu.
Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Süleyman Sani Axundov və digər yazıçı və mütəfəkkirlərimizi yetişdirən Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində özünəməxsus yer tutub. Şuşalı müəlliflərin əsərləri ilə yanaşı, Azercell milli rəqəmsal məzmunun həm ana dilində, həm də dünyanın müxtəlif dillərində yayımlanması məqsədilə İmadəddin Nəsiminin seçmə qəzəllərini, Nizami Gəncəvinin əsərlərindən 100-dən çox seçilmiş parçaları, “Koroğlu” dastanının 10 qolunu, Qarabağın tarixinə aid müxtəlif oçerk və elmi əsərləri, eləcə də müxtəlif klassik və müasir müəlliflərin əsərlərini audiokitab formatında hazırlayaraq oxuculara çatdırmışdı.
“Azercell Telekom”un 2017-ci ildən etibarən həyata keçirdiyi rəqəmsal kitabxana və Audiokitab layihəsi Azərbaycan mədəni irsinin qorunub-saxlanması, gələcək nəsillərə, eləcə də, dünya ictimaiyyətinə daha rahat müasir vasitələrlə çatdırılmasına, eyni zamanda mütaliə mədəniyyətinin təbliğinə yönəlmiş əhəmiyyətli təşəbbüsdür.