Bakı. Trend:
Uşaq göz açıb dünyanı başa düşəndə ilk dəfə anasını tanıyır, sonra ata-anasının qohum-əqrabasını. Əvvəl yaxınlıqdakı əzizlərini, sonra isə uzaqda olan doğmalarını axtarıb tapır.
Elmi yaradıcılıq da belədir. Tədqiqatçı ilk əvvəl öyrəndiyi ilkin biliklərlə silahlanır, sonra isə öz xalqı, dili, məişəti eyni, yaxın olan elm sahələrinə diqqət ayırır, tədqiq edir, öyrənir, mənimsədiyi yenilikləri elm aləminə təqdim edir.
Bu yanaşma görkəmli türkoloq, dilçi alim, ən əsası isə bütöv əqidəyə sahib olan, tanıdığı bütün istedadlı insanları bir cəbhədə birləşdirib, xalqının dilinin, tarixinin, ədəbiyyatının açılmayan səhifələrini tədqiq edib ortaya çıxarmağa səfərbər edən akademik Tofiq İsmayıl oğlu Hacıyevin həyat amalıdır. Alimin yaradıcılığını izləyəndə qeyd etdiyimiz həyat həqiqətlərini görmək çətin deyildir.
Akademikin dilə ilk elmi baxışı, onunla bağlı irəli sürdüyü fikirlər Azərbaycan elminə ilk dəfə ərmağan etdiyi və 1962-ci ildə akademik Məmmədağa Şirəliyevin rəhbərliyi ilə müdafiə etdiyi “Azərbaycan dilinin Cəbrayıl şivəsi” adlanan namizədlik işidir. Bu, onun 26 yaşında yazıb ortaya qoyduğu, böyük həcmə və elmi dəyərə malik ilk geniş və elmi ictimaiyyət tərəfindən çox yüksək səviyyədə qəbul edilən elmi-tədqiqat işidir.
Görkəmli alim doktorluq dissertasiyası üçün mövzu seçəndə də Azərbaycan dilinin sabitləşmiş dövrü ilə əlaqədar mövzu 1969-cu ildə 33 yaşında “XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
Tofiq müəllim, anadan olduğu rayonun şivə xüsusiyyətlərini araşdırandan sonra Azərbaycan dili qrammatikasının müxtəlif bölmələrinə müraciət etmiş, həmin sahələrlə bağlı yeni-yeni elmi fikirlərin ortaya çıxmasına nail olmuşdur. Bu cür məsələlərlə bağlı akademikin Kamil Vəliyevlə birlikdə yazıb 1983-cü ildə nəşr etdirdikləri “Azərbaycan dili tarixi (oçerklər və materiallar)” kitabı bu gün də öz dəyərini saxlamaqdadır. Kitab filologiya fakültəsinin tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulmuşdur. Kitab “Giriş”i əvəz edən “Bir neçə söz” adlı başlanğıc hissədən, 6 bölmədən, “Nəzəri-tarixi məlumatda istifadə olunmuş ədəbiyyat” və “Qədim Azərbaycan sözləri lüğəti” bölmələrindən ibarətdir.
Dərs vəsaitinin “Bir neçə söz” adlı girişində yazılır: “Azərbaycan dili tarixi” adlı bu dərs vəsaiti nəzəri oçerkləri və təhlil üçün verilmiş materialları əhatə edir. Burada əsas məqsəd ondan ibarətdir ki, filoloq tələbələr dil tarixinə aid aldıqları elmi məlumatlar əsasında kitabda verilən dil materialı üzərində müstəqil təhlil işi aparsınlar”.
Kitabın “Dil tarixinin iki istiqamətdə öyrənilməsi” adlanan birinci bölməsində tarixi qrammatika ilə ədəbi dil tarixinə aid həlli vacib olan məsələlər diqqət mərkəzinə çəkilir. Qeyd edilir ki, dilçiliyin bu iki sahəsini bir-birindən kəskin surətdə fərqləndirmək qeyri-mümkündür. Ona görə də bununla bağlı yazılır: “Ədəbi dil tarixi fənni də tarixi qrammatika kimi Azərbaycan dilində olan yazılı abidələrin üzərində tədqiqat aparır, yəni hər iki fənnin obyekti eynidir”.
“Azərbaycan dili anlayışı” adlanan ikinci bölmədə ilk növbədə danışdığımız dilə verilən ad ilə bağlı tarixi məxəzlərdə öz əksini tapan fikirlər araşdırılır. Müəlliflər qeyd edirlər ki, “Azərbaycan dili tarixən heç də bu adı daşımamışdır, qədimlərdən ta əsrimizin 30-cu illərinə qədər o, türk dili adı ilə tanınmışdır”. Bölmədə Azərbaycan dilinə tarixən verilən adlar, bu adların hansı əsərlərdə dilə gətirilməsi müəyyən tarixi söhbət və deyimlərə istinad edilərək dəqiqləşdirilir. “Azərbaycan dili” termininin işlənməsi ilə bağlı dildə yazılı faktların az olduğu qeyd edilir. Müəlliflər XI əsrin məşhur ədəbiyyatşünası Xətib Təbrizinin müəllimi Əbül Üla ilə söhbətini nümunə göstərərək yazırlar: “Burada Azərbaycan dilinin yalnız adı çəkilir... lüğət tərkibi haqqında konkret təsəvvürümüz olan Dədə Qorqudun, Nəsiminin, Vaqifin danışdığı və yazdığı, bu gün işlətdiyimiz Azərbaycan dilidirmi?! Demək çətindir. Azərbaycan dili sözü bir də XIX əsrin sonlarında “Kəşkül”də işlənir. Artıq bu bizə məlum olan anlayışdır”.
Bölmədə daha sonra türklərin ulu babaları, onların yaşadıqları ərazilər, hansı tayfalardan ibarət olduqları aydınlaşdırılır. Bu bölmədə müəlliflər eyni zamanda, türk tayfalarının bu torpaqlara sonrakı dövrlərdə gəlməsi haqqında həqiqətdən uzaq fikirlər söylənənlərə cavab olaraq yazırlar: “Beş-altı əsr müddətində ayrı-ayrı türk tayfalarının Azərbaycana və ümumiyyətlə, Qafqaza gəlməsi ilə bu qədər tarixi iş görə bilməzdi... Deməli, tarixi həqiqəti bir qədər dərinlikdə axtarmaq lazımdır”. Bölmədə müəlliflər Azərbaycan türklərinin bu torpaqlara gəlməsi, bu torpaqlarda məskunlaşması ilə bağlı müxtəlif alimlərin söylədiklərini saf-çürük edərək o fikirlərə öz münasibətlərini bildirir və bu qənaətə gələrək yazırlar: “Midiya-Atropaten ərazisində qədimdən oturaq türk etnoslarının mövcudluğu Qabaq Asiyanın ən qədim xalqlarının qorunub saxlanmış yazıları əsasında dil faktları ilə təsdiq olunur”. Daha sonra türk mənşəli etnonim və toponimlər nümunə gətirilərək aydınlaşdırılır və bu torpaqların əzəli və əbədi sahibinin türklər olduğu inkaredilməz dəlillərlə sübut olunur.
Kitabın üçüncü bölməsi “Azərbaycan ədəbi dil tarixinin dövrləri” adlanır. Bu bölmədə Azərbaycan dili ədəbi dil səviyyəsinə çatana qədər onda olan dəyişmələr və inkişaf mərhələləri aydınlaşdırılır. Dilin də elə ilk dövrlərdən bu səviyyədə olmadığı qeyd edilir. Dilin inkişafını dövrlərə bölən müəlliflər onun müəyyən normalar daxilində inkişaf etdiyini nəzərdə tutaraq yazırlar: “Buna görə də ədəbi dilin inkişafını məhz normaların təkamülü kimi anlamaq lazımdır. Normanın irəliləyişi müəyyən kəmiyyət fərqlərinin toplanması ilə şərtlənir. Bu kəmiyyət hədləri ədəbi dilin tarixində keçid düyümləri yaradır – mərhələ və yarımdövrlər əmələ gəlir”.
Müəlliflər ədəbi dil tarixini iki dövrə - təşəkkül dövrü və sabitləşmə dövrü –bölürlər. Müəlliflər IX-X əsrlərdən XVII əsrin əvvəllərinə qədərki dövrü təşəkkül dövrü, XVII əsrin ortalarından sonrakı dövrü isə sabitləşmə dövrü adlandırırlar.
“Şifahi xalq ədəbiyyatı” adlanan digər bir bölmədə isə atalar sözləri, bayatılar, tapmacalara aid nümunələr gətirilir.
Sonra isə “Dədə Qorqud kitabı”nın dili aydınlaşdırılır. Dastanda işlənən atalar sözləri və zərbi-məsəllər xüsusi bölmə kimi oxuculara təqdim olunur. “Oğuznamə”nin uyğur versiyası ilə bağlı məlumat verilir.
Kitabın digər bir bölməsi isə “XV-XVI əsrlər ədəbi dili” (səh.122-183) adlanır. Bununla bağlı müəlliflər yazırlar: “Bu əsrlər XIII-XVI yüzillikləri əhatə edən mərhələnin tərkib hissəsidir. Ancaq şərti olaraq bu müddəti iki yarımmərhələdə nəzərdən keçirmək münasibdir”. Bu bölmədə hadisələrə tarixçi kimi yanaşılır, “Monqol istilaları dövründən Azərbaycan dili (Azərbaycan türkcəsi – S.Z.) saraya, orduya, mədrəsəyə daxil olur”.
Müəlliflər kitaba klassik ədəbiyyat nümunələrini daxil edərkən xalq ədəbiyyatını, eyni zamanda, aşıq ədəbiyyatını da yaddan çıxarmamış, Aşıq Qurbaninin “Bənövşə”, “Mənim” adlı şeirlərini kitaba daxil etmişlər. Eyni zamanda, Füzuli divanının dibaçəsini, “Leyli və Məcnun” əsərindən bir neçə hissəni, “Şikayətnamə” əsərini, Füzulinin “Qazi Əlaəddinə məktub”unu, Rəhməti Təbrizinin (XVI-XVII əsrlər) qəzəllərini və bir rübaisini, M.Əmaninin isə bir qəzəl və iki bayatısını kitabda yer almışdır.
Kitabın ən maraqlı hissəsi kitabın sonunda verilən “Qədim Azərbaycan sözləri lüğəti”dir. Bu lüğətin hazırlanmasının nə qədər çətin olduğu bu kitabla tanış olan hər bir oxucuya yaxşı məlumdur.
Azərbaycan dilində qazanılan uğurlara söykənən Tofiq Hacıyev bu əsərlə kifayətlənməmiş, türk xalqlarının hər birinə məxsus ədəbiyyatı oxumaq üçün türklər üçün ortaq ünsiyyət dilinin olması məsələsinin vacib olduğunu nəzərə almış və 2013-cü ildə “Türklər üçün ortaq ünsiyyət dili” (“Təhsil”, Bakı, 2013) adlı bir kitab nəşr etdirmişdir.
Ümummilli lider Heydər Əliyevin “Müasir türk dünyası yeni yüksəliş mərhələsini yaşayır. Bu gün suverenlik əldə etmiş gənc türk cümhuriyyətlərinin bir sırada inamlı addımlamaları türk dünyasının xoşbəxt sabahından xəbər verir” kəlamı ilə başlayan “Ön söz yerinə” adlı giriş əvəzi ilə birlikdə kitab 14 bölmədən ibarətdir.
Kitaba daxil edilən bölmələrin hər biri ayrı-ayrı məqalə formasında yazılmış əsər təsiri bağışlayır. Kitabın yazılıb nəşr edilmə səbəbini akademik “Ön söz yerinə” bölməsində belə əsaslandırır: “...Mədəni, siyasi, iqtisadi əlaqələrin yaranmasında və inkişafında dil anlaşması mühüm faktordur. Bugünkü qloballaşma zamanında bu anlaşma daha aktual mahiyyət kəsb edir. Bu qloballaşma prosesində başqa xalqlarda olduğu kimi, türk xalqlarının öz aralarında anlaşmasının da onların yaxınlaşmasında, ictimai-siyasi, elmi-mədəni və iqtisadi baxımlardan həmrəy olmalarında çox faydası var”.
Kitabda qeyd olunur ki, Rusiya imperiyasının tərkibində yaşayan türklərin get-gedə bir-birindən uzaqlaşması, rus dilinin türklər içərisində geniş yayılması türkdilli xalqların getdikcə bir-birinə yadlaşmasına səbəb oldu. Türk xalqlarının bir-biri ilə əlaqəsinin möhkəmlənməsini nəzərdə tutan görkəmli türkoloqlar türklər üçün ortaq türk dilinin yaranması ideyasını ortaya atdılar. Onlar türk birliyinin yolunu dil birliyindən başlandığını irəli sürürdülər.
Akademik T.Hacıyev bu məsələ ilə bağlı yazır: “Bu eşq yoluna düşən böyük türk övladları həmişə oldu, çox oldu. Ancaq bu eşqin Məcnunu Krım türkü İsmayıl bəy Qaspıralı oldu. İmperiya ərazisindəki türklərin bir ədəbi dildən istifadə etməsi fikrini irəli sürdü. O, bu ideyanı mümkün bildi və üzünü bütün türk coğrafiyasına tutub dedi: “İşdə, fikirdə, dildə birlik”.
Bunun ardınca müəllif görkəmli türk övladı XIX əsrin birinci yarısında yaradıcılığını və fəaliyyətini müxtəlif türk dillərinə bələd olan kadrların yetişdirilməsinə sərf edən Mirzə Məhəmmədəli Kazımbəydən bəhs edir. Müəllif M.Kazımbəyin bu sahədəki fəaliyyətini və çəkdiyi zəhməti yüksək qiymətləndirərək yazırdı: “İsmayıl bəy Qaspıralının ümumi türk ədəbi dili məsələsi siyasi-ictimai məzmun kəsb edirdi. Ancaq İsmayıl bəy Qaspıralı qəzetçilik fəaliyyətində Kazımbəyin əlli il əvvəl başladığı dil təcrübəsini əsas götürmüşdür”.
Akademik Tofiq Hacıyev ortaq türk dili ideyasının həyata keçirilməsində İsmayıl bəy Qaspıralının fəaliyyətini xüsusi olaraq vurğulayır və onun apardığı işləri müsbət qiymətləndirir.
Kitabın “İşdə, fikirdə, dildə bir” ideyasının Əli bəy Hüseynzadə mərtəbəsi” adlanan bölməsində isə müəllif Əli bəy Hüseynzadə ilə İsmayıl bəy Qaspıralının məktublaşmasından, nəşr etdirdiyi “Həyat” qəzetinin bir illik nüsxələrini Qaspıralıya göndərməsindən söhbət açır və Əli bəy Hüseynzadə haqqında yazır: “Dəqiq elmi təhsilli Əli bəyi humanitar fəaliyyətə gətirən onun məsləki olmuşdur... Əli bəy üç bənddən ibarət bir ideya proqramının müəllifi oldu: “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” (əslində: müasirləşmək)”. Bu bölmədə, eyni zamanda, Əli bəy Hüseynzadə ilə Cəlil Məmmədquluzadə arasındakı yaradıcılıq əlaqələrindən danışılır.
Əli bəy Hüseynzadənin təkcə Azərbaycan və Türkiyə türklərinin deyil, bütün dünya türklərinin təhsili, dili, inkişafı haqqında düşündüyünü qeyd edən Tofiq Hacıyev bununla bağlı yazır: “Türk və ya türkcə deyəndə Əli bəy Hüseynzadə yalnız doğulduğu Azərbaycanı, ya da təhsil yeri olan Türkiyəni düşünmür, bütün türk dünyasının qayğısı ilə yaşayır. Bu türk dünyası isə ucsuz-bucaqsız bir coğrafiyadır”.
Kitabın 3-cü bölməsi “Ziya Göyalp – xalq türkcəsinə doğru” adlanır. Bölmə Atatürkün “Ətimin və kəmiyimin babası Ali Rza əfəndi isə fikrimin babası da Ziya Göyalpdır” deyimi ilə başlayır.
Akademik Tofiq Hacıyev elmi fikirlərini burada bədii təsvir vasitələri ilə bəzəyərək ifadə etmişdir. O, Ziya Göyalpın böyüklüyünü göstərmək üçün onu digər görkəmli tarixi şəxsiyyətlərlə müqayisə edərək yazır: “Türkün yeni dövr məfkurə mübarizəsinin komandanı İsmayıl bəy Qaspıralının fədakar döyüşçüləri, bölmə və bölgə başçıları çox idi, ancaq döyüşkənliyi ilə yanaşı həm də nəzəri ideya birliyinin kamilliyi ilə baş komandanın ən mükəmməl sərkərdərləri Əli bəy Hüseynzadə (Turan) və Ziya Göyalp idi. Qaspıralının yetirmələri mükəmməl bir komanda şəklində birləşmişdilər”.
Daha sonra bu bölmədə müəllif Ziya Göyalpın türk dili ilə bağlı irəli sürdüyü fikirləri, onun bununla bağlı gördüyü işləri diqqət mərkəzinə çəkir və bununla bağlı onun aşağıdakı fikirlərini oxuculara təqdim edir: “Türkiyənin milli dili İstanbul türkcəsidir. Ancaq İstanbulda iki türkcə var: biri danışılan, amma yazılmayan İstanbul ləhcəsi, o biri yazılan, amma danışılmayan Osmanlı dilidir”.
Kitabın digər bir bölməsi isə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayda “Türklər üçün ədəbi dil məsələsi” adlanır. Bu bölmədə Türkoloji Qurultaydan danışan müəllif göstərir ki, “... qurultayın ən səs-küylü, ətrafında ən qızğın mübarizə gedən məsələsi əlifba mövzusu idi. Əlifbanın müzakirəsi beş iclası (9-13) əhatə etdi”.
Qurultayın Moskva təşkilatçısı A.N.Samoylaviç, nəhəng şərqşünas V.V.Bartold və digərlərinin tədbirdə çıxış etdikləri qeyd edilir. Həmin qurultayda F.Köprülüzadə məruzəsində xüsusi vurğulayır ki, “bu gün türklər üçün vahid ədəbi dil yaratmaq lazımdır”. T.Hacıyev Türkoloji Qurultayda ümumi türk ədəbi dili ilə bağlı fikirlər söyləndiyini bildirərək yazır: “F.Köprülüzadənin məruzəsi ətrafında çıxışlarda ümumi türk ədəbi dili ideyası müzakirə olunmağa başladı”.
Kitaba daxil olan bölmələrin hamısında, demək olar ki, ortaq türk dili ilə bağlı irəli sürülən fikirlər, dinlənilən çıxışlar təhlil edilir, bu məsələnin nə vaxt və kim tərəfindən başlandığı tarixi faktlarla qeyd olunur. Kitaba daxil edilən sonrakı bölmələrdə də türklər üçün ortaq ünsiyyət dili hesab olunan ortaq türk dili məsələsi qabardılır və digər bölmələrdə də bu məsələyə müxtəlif rakurslardan yanaşılır.
Kitabın “Bu təcrübə həmişə olub” bölməsində Oğuz xanın oğullarından (Mete, Attila, Alp Ər Tonqa, Bumın..., Osman oğulları), “Üzümü Türkiyəyə və Türkiyə türkcəsinə tuturam” bölməsində müəllifin türk dillərinə verilən qiymətdən danışılır (“İndi bizim də türkcələrimizin hamısı gözəldir. Ancaq tarixi-mədəni-siyasi şərait bizə deyir ki, bu gözəllərdən birini qiblə seçək, üzümüzü ona tapaq – T.H.), “Türkiyə türkcəsi yalnız türkiyəlilərin deyil” bölməsində türk dillərinin digər dillərdən (ərəb, fars və s.) daxil olan sözlər hesabına korlanmasından, bunun təmizlənmə yollarından “Türk dilinin gücü, yaxud türkcə elm dilidir” bölməsində bu dilin bu gün olduğu kimi, ötən əsrlərdə də qrammatik mükəmməliliyinin göstəricilərindən “Bir daha Türkiyə türkcəsinin ümumtürk dəyəri haqqında” bölməsində övladlarına təhsil verən valideynlərin dil seçimindən “Bir-birini anlamağın sevinci” (s.195-208) bölməsində türklərin beş yüz illik dövlətçilik tarixindən, onların ölümü qul olmaqdan üstün tutmalarından (Əli bəy Hüseynzadə deyərdi: “Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar”), “Ümumi ünsiyyət dili və ümumi əlifba, ümumi imla məsələsi” bölməsində isə türklər üçün ümumi ünsiyyət dilinin bərqərar olması üçün vahid əlifba və ümumi imlanın mühüm amil olmasından söhbət açılır.
Ola bilər ki, İsmayıl bəy Qaspıralıdan başlayaraq bu ideyanın daşıyıcılarının arzuları nə vaxtsa həqiqətə çevriləcək, böyük ustad, adı tarix kitabının ön sıralarında yazılmağa layiq olan şəxsiyyət, hər şeydən əvvəl təmənnasız və sadə insan, akademik Tofiq İsmayıl oğlu Hacıyevin qəlbində bir ağrı kimi yaşatdığı bu arzusu nə vaxtsa çin olacaqdır. Mən buna öz varlığım kimi inanıram.
Sərdar Zeynal,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının professoru