Bakı. Trend:
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq üzrə mövcud hüquqi baza çərçivəsində 2021-ci il 19 fevral tarixində Ankara şəhərində imzalanmış “Peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”a Əlavə Protokolun Əlavəsi kimi “Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” hazırlanıb.
Qeyd olunan Protokol Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə peşə təhsili müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili üçün hüquqi əsasları müəyyən edib.
Hazırkı Nümunəvi Nizamnamə isə həmin Protokolun icrası məqsədilə qəbul edilən törəmə hüquqi sənəd olmaqla, Protokol çərçivəsində yaradılacaq peşə təhsili müəssisələrinin fəaliyyətinin təşkilinə dair vahid model hüquqi çərçivəni müəyyən edir.
Nümunəvi Nizamnamə Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin hüquqi statusunu, fəaliyyət istiqamətlərini, idarəetmə mexanizmlərini, tədris prosesinin təşkili prinsiplərini və qarşılıqlı əməkdaşlıq əsaslarını ümumi formada tənzimləyir.
Bu sənəd hər bir konkret peşə təhsili müəssisəsi üzrə ayrıca nizamnamələrin hazırlanması, razılaşdırılması və dövlət qeydiyyatına alınması üçün əsas kimi nəzərdə tutulub.
Müvafiq peşə təhsili müəssisələrinin nizamnamələri tərəflərin razılığı əsasında hazırlanır və Azərbaycan tərəfdən qüvvədə olan qaydalara uyğun olaraq təsdiq edildikdən sonra tətbiq edilir.
Beləliklə, təqdim olunan Nümunəvi Nizamnamə yeni hüquqi öhdəlik yaratmır, mövcud beynəlxalq müqavilə - 2021-ci il tarixli Protokolun praktiki icrasını təmin edən tətbiqi xarakterli sənəd kimi çıxış edir və Türkiyə-Azərbaycan peşə təhsili müəssisələrinin fəaliyyətinin sistemli və vahid əsaslarla təşkilinə xidmət edir.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
