Bakı. Trend:
Rusiya–Ukrayna müharibəsindən sonra Orta Dəhlizin strateji əhəmiyyəti daha da artıb. Bu baxımdan, Orta Dəhlizin əsas həlqələrindən biri olan Azərbaycanla münasibətlərimiz daha da strateji xarakter alıb.
Trend xəbər verir ki, bunu Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bu gün Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə imzalanan sülh sazişi regionda sabitliyin təmin olunması baxımından mühüm addımdır:
"Sülh tam şəkildə bərqərar olduqda, bu, Cənubi Qafqazda sabitlik və rifah üçün geniş imkanlar yaradacaq, eyni zamanda Türk dünyası, Orta Asiya, Türkiyə və Avropa arasında inteqrasiyanı gücləndirəcək.
Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Bununla yanaşı, Azərbaycanın enerji sektorunda həyata keçirdiyi transformasiyanı və qlobal miqyasda oynadığı rolu yüksək qiymətləndiririk".
