Bakı. Trend:
Bu gün "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresinin rəsmi açılış mərasimi olub.
Trend-in məlumatına görə, konqresdə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahlar iştirak edir.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın tibb sahəsinin inkişafı istiqamətində fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konqres iştirakçılarına göndərdiyi təbrik məktubu səsləndirilib.
Tədbirdə çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanda ürək transplantasiyasının həyata keçirilməsi üçün tədbirlər görülür:
"2 il əvvəl qəbul edilən "Donor və orqan transplantasiyası haqqında" qanun buna imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası da keçirilsin. Azərbaycanda ürək transplantasiyasını həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev isə bildirib ki, Azərbaycanda ölümlə nəticələnən xəstəliklər arasında ürək-damar xəstəlikləri də var:
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xidmətlər zərfində
ürək-damar xəstəlikləri var. 400-dən çox xəstəliyin olduğu zərfdə
70-dən çox ürək-damar xəstəlikləri var.
Ötən il Azərbaycanda 34 min ürək-damar əməliyyatı olub.
Əməliyyatlar həm böyüklər, həm də uşaqlarda aparılıb. Azərbaycanda
artıq oturuşmuş sistem var. Bakıda və bölgələrdən müraciətlər qəbul
edilir və dərhal icbari tibbi sığorta vasitəsilə ən yaxşı
mütəxəssislərə yönəldilir".
Z. Əliyev bildirib ki, Azərbaycanda bölgələrdə də ürək-damar xəstəliklərinə operativ müdaxilə üçün yeni şöbələrin yaradılmasına başlanılıb.
"Regionlarda ürək-damar cərrahiyyəsi şöbəsi yaradılır. Artıq Lənkəranda bu şöbə açılıb. İlin sonuna qədər digər bölgələrdə də açılacaq", - agentlik sədri əlavə edib.
Agentlik sədri, həmçinin qeyd edib ki, yaxın günlərdə icbari tibbi sığorta üzrə yeni xidmətlər zərfinin təsdiqi gözlənilir: "Yeni xidmətlər zərfində ürək-damar xəstəlikləri ilə bağlı bir sıra yeni xidmətlər də yer alacaq".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sədri Vüqar Qurbanov isə bildirib ki, Azərbaycanda kardiologiyanın inkişafında Ulu Öndər Heydər Əliyevin böyük rolu olub. Onun tapşırığı ilə Türkiyə və digər ölkələrdə təhsil alan kardioloqlar bu gün Azərbaycanda kardiologiyanın inkişafına böyük töhfələr verir.
TƏBİB sədri diqqətə çatdırıb ki, Azərbaycanda ürək-damar xəstələri cavanlaşıb: "Bu proses TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə özünü göstərir. 0-17 yaş arasında olanlardan həkim-kardioloqlara 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupunda olanlardan isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər müraciət daxil olub. Hər il dünyada 18 milyon ölüm kardioloji xəstəliklər səbəbindən baş verir".
Konqresdə çıxış edən, vaxtilə Klivlend klinikasında Ulu Öndər Heydər Əliyevin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Ümummilli Lider haqqında xatirələrini bölüşüb. O bildirib ki, Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi.
"Heydər Əliyevin duruşu ölkəsinin və xalqının qürurunu xatırladırdı. Ulu Öndərin ətrafdakılara təsir edən aurası vardı. O, yeni şeyləri öyrənmək istəyini itirməyən 80 yaşlı cavan idi. O, xəstəxanaya hər gəlişində hər kəslə maraqlanardı. Ulu Öndər bütün dünya liderlərinin hörmətini qazanmışdı. Xəstəxanada olanda çox ölkələrin rəhbərləri H.Əliyevə zəng edib, şəfa diləyirdilər. Həmin dövrdə mən onun dünyadakı sülh üçün necə önəmli olduğunu anlamışdım. Heydər Əliyevin Azərbaycan sevgisi hər şeydən üstün idi. O, xəstəxanada olanda da Vətəndən xəbər istəyirdi. Azərbaycan haqqında bizə danışmaqdan usanmazdı. O, göstərişdən uzaq, təvazükar insan kimi hər anını ölkəsinə həsr edib", - M.Tuzcu deyib.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir. Konqresdə dünyanın 20-dən artıq ölkəsindən kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklər müzakirə edilir.
Vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq Prof. Dr. Murat Tuzcu Konqresin fəxri qonağıdır.