Bakı. Trend:
Amerika-Avstriya Fondu və ABŞ Filadelfiya Hospitalının birgə təşkilatçılığı ilə keçirilən “Tibbi Liderlik” beynəlxalq seminarı 18-24 iyun 2023-cü il tarixlərində Zalsburq şəhərində təşkil olunub. Azərbaycanı bu nüfuzlu tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, İsmayıl Əfəndiyev təmsil edib.
Seminarda səhiyyədə liderliyin üslubları və xüsusiyyətləri, şəxsi liderlik baxışı, məqsədlərin müəyyən edilməsi, yüksək performanslı komandaların yaradılması, zəruri dəyişikliklər üçün araşdırmalar və planların hazırlanması, yaradıcı və əməkdaşlıq əlaqələrinin qurulması, inandırma və inamlı danışıqlar üzrə bacarıqların inkişafı, sistem düşüncəsi və innovativ vərdişlərin təşviqi, strateji yanaşmaların hazırlanması və həyata keçirilməsi, karyera inkişafı və digər vacıb mövzular müzakirə olunmuşdur.
Tədbirdə 26 ölkədən tibb sahəsində rəhbər vəzifələr tutan təmsilçilər iştirak edib. Dosent İsmayıl Əfəndiyev seminarda kütləvi zəhərlənmələr zamanı tibbi liderliyin vacibliyinə dair geniş prezentasiya ilə çıxış edib. Təqdimat tədbir iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb.