Bakı. Trend:
Müəllim şagirdlərə biganə olmamalıdır. Uşaqlara bir-bir diqqət etməlidir. Çünki uşağın durumu yaxşı olmaya bilər.
Trend-in məlumatına görə, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda ictimai dinləmədə deyib.
O qeyd edib ki, bəzən uşağın ailəsində olan problemlər onun psixologiyasına mənfi təsir göstərir.
“Ümumiyyətlə, ailə institutlarına böyük təsirlər var. Hazırda bu, dünyada da mühüm problemdir. Məktəblərin birində belə bir hal olub ki, uşaq müəllimə bildirib ki, evdə valideynləri arasında narazılıq ona pis təsir göstərir. Müəllimlər həmin uşağın valideynləri ilə və nənə babası ilə söhbət apararaq valideynləri barışdırıb”, - deyə nazir müavini əlavə edib.