Bakı. Trend:
Müdafiə Nazirliyində hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sənəd hazırlanır. Ola bilsin, bu ilin axırına, yaxud gələn ilin əvvəlinə hökumət bu sənədi təqdim etsin.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisdə “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi ətrafında müzakirələrlə bağlı keçirilən mətbuat konfransında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, bu sənəddə hərbi şəhərciklərin yaradılması nəzərdə tutulur:
“Hökumətdə hərbçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq, onların mənzil məişət şəraitini daha da gücləndirmək istiqamətində tədbirlər görülür, mühüm bir proqram hazırlanır. Ola bilsin, daha çox hərbçiyə mənzil verilməsi bu sənəddə əksini tapsın. Bu sənəd hələlik ilkin mərhələdədir”.
Deputat hərbçilərin mənzillə təmin olunması qaydalarını xatırladıb:
“Bu gün Milli Məclisdə də məsələ qaldırıldı ki, hərbçilər 20 il xidmətdən sonra mənzil sahibi ola bilirdi, bu qanun onların bu hüququnu məhdudlaşdırır. Bu belə deyil. Bu təminat dəyişiklikdən sonra 25 ilə uzanmayacaq. Mənzil təminatı tamamilə başqa sənədlərlə, başqa qanunvericilik aktları ilə tənzimlənir. Həmin hərbi qulluqçular indiki qaydada oıduğu kimi, 20 xidmətkeçmə müddətindən sonra xidməti və yaxud şəxsi mənzillərlə təmin olunacaqlar”, - deyə o əlavə edib.