Bakı. Trend:
Bugün Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyən etmişdir.
Trend xəbər verir ki, rəsmi qərar dekabrın 12-də elan olunacaq.
Sonuncu COP28 cari il Dubayda keçirilmişdir. 100 minə yaxın
nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən
genişmiqyaslı tədbir olmuşdur. Konfrans çərçivəsində təşkil edilmiş
Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı
qatılmışdır. Sözügedən tədbirdə ilk dəfə olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu
arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı
təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul
etməlidir.
2024-cü il COP29-a ev sahibliyi etmək növbə Şərqi Avropa regional
qrupuna düşür. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın
Azərbaycanda keçirilməsini təklif etmişdir. Azərbaycanla yanaşı
Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürmüşdür.
2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında
aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə
bəyanatda Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri
çəkmişdir. Bolqarıstan da bundan sonra öz namizədliyini geri
çəkmişdir.