Bakı. Trend:
Azərbaycanın işğaldan azad olunan ərazilərində ictimai nəqliyyatın açılması Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin diqqət mərkəzindədir.
Trend bazar ertəsi xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Azərbaycanda mobilliyin transformasiyası proqramı"nın təqdimatında deyib.
"Artıq Laçın rayonu üzrə, o cümlədən Laçın-Zabux istiqaməti üzrə planlar hazırdır. Həmçinin, Şuşa şəhəri ilə bağlı addımlar atılır", - deyə o qeyd edib.
Xatırladaq ki, Şuşa və Ağdama ilk mütəmadi avtobus marşrutları 24 yanvar 2022-ci il tarixində işə salınıb.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sərnişin daşımaları 1,552 milyard nəfəri ötüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz çoxdur. Sərnişinlərin böyük əksəriyyəti (88 faizi) avtomobil nəqliyyatı ilə, 11,5 faiz metropolitenlə, 0,5 faiz isə digər nəqliyyat növləri ilə daşınıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)