Bakı. Trend:
Atılan addımlar radikal dini qrupların təbliğatının qarşısını əhəmiyyətli dərəcədə almış oldu.
Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.
Onun sözlərinə görə, ölkə ərazisindəki məscidlərdən 1100-də rəsmi din xadimi fəaliyyət göstərmirdi. Həmin məscidlərin bəziləri qeyri-ənənəvi dini cərəyanların nəzarəti, xarici dini dairələrin təsiri altında idi. Orada dini təbliğat aparan şəxslərin çoxunun dini təhsili yox idi və xarici dairələr tərəfindən maliyyələşdirilirdilər. Xarici dini mərkəzlər din xadimlərinə maddi yardımla yanaşı, öz ideoloji təsirlərini də göstərirdi. Bu yardım din xadimini xarici dini mərkəzdən asılı vəziyyətə salır, fəaliyyətlərini onların “fətva”ları əsasında təşkil etmələrinə səbəb olurdu. Xaricdə dini təhsil alan bəzi şəxslər isə təhsil aldıqları ölkələrin zərərli ideologiyasına bürünərək geri qayıdırdılar. Onlar həmin ölkələrin siyasi maraqlarına xidmət edən dini ideologiyanı Azərbaycana idxal etməyə cəhd göstərir, burada həmin əqidənin təbliğatçısına çevrilirdilər. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq aparılan monitorinqlər, təhlillər həmin məscidlərdə xurafatın, dini radikalizmin təbliğ olunduğunu göstərirdi.
"Proseslərin gedişi dövrün və dövlətin strateji maraqlarına uyğun, milli ruhlu, azərbaycançılıq ideologiyasına sadiq, o cümlədən vətənpərvər din xadimlərinin hazırlanması zərurətini meydana çıxardı. Öncə aidiyyəti dövlət qurumları ilə birgə həmin dini ibadətgahlar nəzarətə götürüldü. Yad dini ideologiyaların insanlara təbliğ və təşviq edilməsinin qarşısının alınması məqsədilə radikallaşmış həmin şəxslər məscidlərdən uzaqlaşdırıldı. Hazırıqlı yeni din xadimlərinin çatışmazlığı ilə bağlı ciddi çətinliklər olsa da Qafqaz Müsəlmanları İdarəsi ilə birgə müvafiq müzakirələr aparılaraq həmin məscidlərə uyğun rəsmi din xadimlərinin təyin olunması prosesinə başlanıldı.
Prezident İlham Əliyevin Fərmanı ilə 2017-ci ildə din xadimləri və dini icmaların maddi-texniki təminatının yüksəldilməsi məqsədilə Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması öz töhfəsini verdi. Fond vasitəsilə din xadimlərinə verilən maddi dəstək onların yad təsirlərdən qorunmalarını stimullaşdırdı. Həmçinin 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılması, yeni inzibati binasının açılışı və bütün bunların cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında həyata keçirilməsi ölkəmizdə dini təhsil sahəsində mühüm və mütərəqqi dəyişikliyə səbəb oldu. Aİİ-nin uğurlu fəaliyyət göstərməsi, din sahəsində ixtisaslı kadrların hazırlanması üçün dövlətimiz tərəfindən bütün lazımi addımlar atılır. Öz sahəsinin peşəkar mütəxəssisləri olan Aİİ-nin professor-müəllim kollektivi isə bu etimadı doğrultmağa çalışır. İnstitutda dünyəvi cəmiyyətdə dini insanlara çatdırmağı bacaran, həmçinin, milli köklərimizə bağlı, milli-mənəvi dəyərlərimizə sadiq olan mütəxəssislər yetişdirilir. İnstitut dərin dünyəvi və dini biliklərə malik kadr hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirir və artıq bunun müsbət nəticələri cəmiyyətdə təzahür edir. Aİİ-nin təsis edilməsi Azərbaycan milli kimliyi və mədəniyyəti, azərbaycançılıq məfkurəsi ilə çuğlaşan, həmçinin müasir dünyanın çağırışlarına cavab verən din təhsili modelinin formalaşmasına öz töhfəsini verir. Belə ki, yeni təyin olunmuş din xadimlərinin dini ali və orta ixtisas təhsilli olması, yüksək dünyagörüşünə malik, Vətənə, xalqa, azərbaycançılıq ideologiyasına bağlı olmaları bizi məmnun edir. Ötən ilin sonunda Bakı İlahiyyat Kollecinin yaradılması da bu sahədə xüsusi əhəmiyyət daşıyır. Kollecdə verilən təhsil institut təhsili ilə tamamlanacaq və bununla da ölkəmiz üçün din sahəsində daha savadlı kadrların hazırlanması təmin ediləcək. Kolleci bitirənlər məscidlərdə də çalışa biləcəklər.
Bir sözlə, Azərbaycanda radikal dini təşkilatların fəaliyyəti və onların maliyyə mənbələri, xarici vətəndaşların ölkədə din təbliğatı və digər məsələlərlə bağlı qanunvericilikdə dəyişikliklər edildi, atılan addımlar radikal dini qrupların təbliğatının qarşısını əhəmiyyətli dərəcədə almış oldu", - deyə S.Heydərov əlavə edib.